11/12/2018 02:51
728 x 90

35 mindən çox işləyən pensiyaçı öz pensiyasında əhəmiyyətli artım hiss edəcək…

“Təqaüdçülərin pensiya artımı daim dövlətin nəzarətindədir”

img

Müslüm İbrahimov: “35 minə yaxın şəxsin pensiyasının artırılması o insanların sosial həyatına müsbət təsir göstərəcək”

 

Məlum olduğu kimi, yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.

Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqları müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.

Qeyd edək ki, yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.

35 minə yaxın şəxsin pensiyasının orta hesabla 137,5 manat artırılmasına münasibət bildirən  iqtisad elmlər doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, təqaüdçülərin pensiya artımı daim  dövlətin nəzarətindədir. Bu məsələyə xüsusi həssaslıqla yanaşılır: “Yaşa görə pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslər bir sıra peşə sahələrini seçirlər. Bu təbəqənin əmək pensiyalarının artırılması təqdirəlayiq addımdır”.

Həmsöhbətimizin sözlərinə görə, 35 minə yaxın şəxsin pensiyasının artırılması o insanların sosial həyatına müsbət təsir göstərəcək: “Nəzərə almaq lazımdır ki, 35 minə yaxın təqaüdçü az rəqəm deyil. Bu qədər şəxsin pensiyasının artırılması həmin şəxslərin sosial rifahının dəyişməsinə səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər