11/12/2018 02:52
728 x 90

6 ayda Azərbaycan üzərindən 26 milyon tondan çox yük keçib... TRASEKA-nın böyük nəticəsi...

“Sözügedən layihə çərçivəsində Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqda davam edəcək”

img

Aydın Hüseynov: “Bunun sayəsində ölkənin daşımalardan əldə etdiyi gəlirlərin həcmi artacaq”

 

Bu ilin 6 ayı ərzində TRASEKA çərçivəsində Azərbaycan ərazisindən yük daşımaları 26 milyon tona yaxın olub. Belə ki, Avropa-Qafqaz-Asiya (TRASEKA) çərçivəsində Azərbaycan ərazisindən 2018-ci ilin yanvar-iyun aylarında 25 675.5 min ton neft nəql edilib.

Carqo dövriyyəsi 5 525.7 milyon ton təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım müvafiq olaraq 0,1 faiz və 2,6 faiz təşkil edib.

Yüklərin 15 923.1 min tonu və ya 62,1 faizi avtombil, 6 084.9 min ton və ya 23,7 faizi dəmir yolu ilə həyata keçirilib. Yük daşımalarının 19,3 faizi və ya 4,947,2 min tonunu tranzit daşımalar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Görünən odur ki, TRASEKA çərçivəsində yükdaşımalar artır. Müşahidələr göstərir ki, artımlar bundan sonra da artacaq.

Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın iştirakçısı olduğu bütün layihələr uğurla reallaşır: “Çünki Azərbaycan bununla bağlı düşünülmüş iqtisadi siyasət yeridir. Azərbaycanın yerləşdiyi əlverişli mövqe buna şərait yaradır. Azərbaycan tarixən qədim İpək Yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Bu da Azərbaycana bir sıra üstünlüklər verib. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu daha da artacaq. Proseslərin gedişi onu göstərir. Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də yeni təşəbbüslərin müəllifidir. O üzdən hesab edirəm ki, sözügedən layihə çərçivəsində Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqda davam edəcək. Bunu şərtləndirən faktorlardan biri də regionda həyata keçirilən böyük nəqliyyat layihələridir. Məsələ ondadır ki, “Şimal-Cənub” Nəqliyyat  Dəhlizi hazır olub işə düşəndən sonra daşımaların həcmi daha da artacaq. Bunun sayəsində Azərbaycanın daşımalardan əldə etdiyi gəlirlərin həcmi artacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər