17/10/2018 01:32
728 x 90

Rusiya metalı Bakı-Tiflis-Qarsla dünya bazarına çıxmağa başladı

“Bakı-Tiflis-Qars dəmir yolu Rusiya üçün Türkiyəyə “alternativ pəncərə” açaraq, tamamilə yeni imkanlar yaradır”

img

Elşən Əliyev: “Perspektivdə Rusiya şirkətlərinin bu marşurutdan istifadəsi daha da sürətlənəcək”

 

Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yeni növ yüklərin daşınmasına start verilib.  “ADY Express” Maqnitiqorsk Metallurgiya Kombinatının yüklərinin Bakı-Tiflis-Qars marşrutu ilə nəqlini təşkil edib.

Şirkətin xəbərində deyilir ki, MMK Maqnitiqorsk–Bakı–Tiflis–Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb:“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrutla ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdırılması imkanı hazırlanır”.

Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafə qət edib. Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsilə yalnız dəniz yolu ilə həyata keçirilib. Bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür: “Loqistik marşrutların diversifikasiyası şirkət üçün Novorosiysk limanının akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Nəhayət, Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edilməsi Maqnitoqorsk Metallurgiya Kombinatına İsgəndərunda yerləşən və özünə məxsus liman vasitəsilə Yaxış Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır”.  

Göründyü kimi, Maqitaqorskdan Türkiyəyə istiqamətləndirilən yükün məhz Bakı-Tiflis-Qars dəmiryolu xəttilə daşınması, əvvəlki marşrutdan fərqli olaraq, təqribən iki dəfəyə yaxın az vaxt sərfiyyatı hesabına başa gəlir. Bunu Bakı-Tiflis-Qars yolunun  logistik baxımdan digər marşurutlardan  daha əlverişli olması ilə izah etmək olarmı?

İqtisadçı Elşən Əliyevin sözlərinə görə, Rusiyanın  müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərir:” Bu da Bakı-Tiflis-Qars dəmiryolunun gözəl və cəlbedici logistik imkanlara malik layihə olması ilə izah olunur. Qeyd edim ki, bu yalnız metallurgiya sahəsini əhatə etmir. Məsələn, keçən aydan başlayaraq  Bakı-Tiflis-Qars vasitəsilə Rusiyadan taxıl daşınmasına start verilib. Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən bu dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir. Layihəyə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir. Bakı-Tiflis-Qars dəmir yolu marşrutu, həmçinin Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımaların ən qısa yolu kimi qiymətləndirir.  Bir sözlə, Bakı-Tiflis-Qars Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. Rusiyalı ekspertlərin verdiyi məlumata görə,  yaxın mərhələdə bu yolla 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımaların həcmini daha da artırmaq nəzərdə tutulur”.

İqtisadçının sözlərinə görə,  Bakı-Tiflis-Qars dəmir yolu Rusiya üçün Türkiyəyə “alternativ pəncərə” açaraq,  tamamilə yeni imkanlar yaradır: “Rusiya Federasiyası ilə Türkiyə arasında yük dövriyyəsinin əhəmiyyətli hissəsi də bu marşrutla həyata keçiriləcək. Güman edilir ki, Azərbaycan və Gürcüstan yeni magistralı yükləmək üçün yüklərin kifayət qədər güzətli tranzitinə də razılıq verə bilər. Belə olan halda, bu magistraldan daha çox xeyir götürən ölkələrdən biri də elə Rusiya olacaq. Çünki qonşu ölkə dəmir yolunun tikintisinə heç bir vəsait xərcləməyib. Bundan əlavə, Rusiyanın Şimali Qafqazda, Volqaboyu ərazilərində, hətta Uralda və Sibirdə fəaliyyət göstərən şirkət və müəssisələri bu dəmir yolu vasitəsilə Türkiyəyə ən qısa çıxış əldə etmiş olur. Çünki onlar üçün bu marşrut Ukrayna-Rumıniya-Bolqarıstandan keçən marşrutdan daha qısa və sərfəlidir. Qeyd etdiyim kimi, bu yalnız Rusiya üçün deyil, həm də böyük qitələri birləşdirən ən sərfəli marşurut olaraq digər ölkələrə də sərfəlidir. Hesab edirəm ki, perspektivdə Rusiya şirkətlərinin bu marşurutdan istifadəsi daha da sürətlənəcək. Təkcə Maqintaqorsk-Türkiyə istiqamətində daşınan yüklərə zaman baxımından 13 gün qənaət edilibsə, digər istiqamətlərdən daşınan yüklərdə bu fərq daha da atrıq olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər