22/10/2018 21:29
728 x 90

Türkiyə ABŞ dollarından kənar yeni ticari layihənin tətbiqinə başlayır – barter...

img

Son günlərdə diqqətçəkən məqamlardan biri Azərbaycana qonşu ölkələr olan İran və Türkiyədə dolların və avronun kəskin şəkildə bahalaşmasıdır. Xatırladaq ki, hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. Bu mənada, baş verənlərin ölkəmizə təsiri, perspektivdə ticarət səviyyəsinin necə olacağı xüsusi maraq doğurur.

Son vəziyyətin təhlili göstərir ki, Türkiyə lirəsinin rekord düşüşü davam edir. Qardaş ölkənin  milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 5,42-yə çatıb. Lirənin avroya qarşı da məzənnəsində rekord qeydə alınıb. Lirə-avro nisbəti hazırda 6,09-dur. Lirənin ucuzlaşması Türkiyə – ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiya tətbiq etməsi və bu siyahının genişlənməsi risqi ilə bağlıdır. Təbii, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. İranda dolların rəsmi məzənnəsi 4 250 tümən və ya 42 500 rial olsa da, “qara bazar”da qiymət 10 min tüməndən və ya 100 min rialdan çoxdur. Bunlara səbəb ABŞ sanksiyalarıdır. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyaları bərpa edib. ABŞ-ı İrana qarşı siyasətində aqressivləşdirən əsas amillərdən biri bu ölkənin xarici ödənişlər məqsədilə dollardan imtina etməsi, əvəzində avrodan istifadə etməsidir. Bu il aprelin 16-da Türkiyə və İran arasında 3-cü dövlətin puluna ehtiyac olmadan ödəniş həyata keçirilib. Həmin vaxt İran Mərkəzi Bankının İctimaiyyətlə əlaqələr departamentindən bildirmişdilər ki, bu addım iki ölkə arasında ticarət və bankçılıq işlərini rahatlaşdıracaq, valyuta risqini isə azaldacaq.

Türkiyənin “Haber7“ portalı isə yazır ki, dollar və avro təzyiqindən qurtulmaq üçün Ankara  barter ticarətinə başlayır: “Yeni sistem iqtisadiyyatda xarici valyutaya tələbatı azaltmaq, ixracat artımını təmin etmək imkanı verəcək. Türkiyə milli valyutalarla ticarətin ardınca dollara qarşı daha bir yeni modelə keçir. Türkiyə xarici valyuta kurslarının son zamanlar baş verən spekulyativ artımının iqtisadiyyata təsirini zəiflətmək və xarici ticarətdə xarici valyutalardan istifadəni cüziləşdirməkdən ötrü barter sövdələşmələri praktikasına başlayır. Mal və xidmətin birbaşa mübadiləsini nəzərdə tutan barter ticarəti sayəsində iqtisadiyyatda xarici valyutaya tələbat azalacaq. Türkiyə hökumətin 100 günlük fəaliyyət proqramında diqqət ayrılan bu sistem vasitəsilə bir tərəfdən xarici valyutadan istifadə etmədən ticarət apara, digər tərəfdən, maliyyə çətinlikləri hiss edən ölkələrə öz ixracatını çoxalda bilər. Ticarət Nazirliyi belə barter sövdələşməsinin başlanması üçün ölkəbəölkə analiz aparır. Nazirlik İran və Rusiya ilə ticarətdə malların qarşılıqlı hesablanması praktikasını artıq tətbiq edib. 2008-ci ilədək müxtəlif ölkələrlə ticarətdə bu sistemi işlətməklə xarici ticarətin, təxminən, 2%-i (3,5 milyard dollar) gerçəkləşdirilib. Barter ticarəti İrana münasibətdə sanksiyaların qüvvədə olduğu dövrdə ən çox sevilən üsul kimi əksilməyə gedib. Barter ticarəti baxımından Türkiyə üçün ən uyğun bazarlar Afrika və Orta Asiyadır. İxracat Bankı artıq bu mövzuda araşdırma aparıb. Afrika ölkələrində “xammal əvəzində maliyyələşmə” modelində pul alətlərindən istifadə ilə ticarət aparılması mümkün olmayan bazarlara ixracatın artırılması planlaşdırılır. Dünyada barter ticarətini gerçəkləşdirən ölkələr çoxdur. Xüsusən də Çin öz şirkətlərinin bacarıqlı fəaliyyəti sayəsində Afrika ölkələrindən mineral və təbii resursları alır, əvəzində özünün inşaat şirkətləri vasitəsilə infrastruktur, yol, hidrotexniki qurğuların inşası ilə bağlı layihələri gerçəkləşdirir. Çin hökuməti Afrika bazarında barter sövdələşmələrini həyata keçirmək üçün şirkət qurub. Türkiyənin xarici valyutadan asılılığını azaltamağa yönəlik praktikadan istifadə etməklə ticarət əməliyyatlarında  milli valyuta vahidi, ya da xarici valyuta işlədilməyəcək. Alınan malı başqasına dəyişmək mümkün olacaq. Ya da Türkiyə idxal edilən malın əvəzində müəyyən bir ölkədə infrastruktur işlərini öz üzərinə götürə bilər“. Bütün bunlar Türkiyəyə dollardan istfiadə etmədən ticarət aparmağa imkan verir. Türkiyə və Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu nəzərə alınarsa, ölkələrimiz arasında ticarətdə barterin tətbiqi mümkün sayılır. Hər halda, tərəflərin bu istiqamətdə müvafiq addımlar atması tamamilə gözlənilən hesab olunur.  

Nahid SALAYEV

Son xəbərlər