16/08/2018 00:59
728 x 90

Nağdsız ödənişlərə tələbat artır...

img

Azərbaycana xaricdən üz tutanların artması, eləcə də hökumətin həyata keçirdiyi iqtisadi siyasət fonunda aktuallaşan məsələlərdən biri də nağdsız ödənişlərlə bağlıdır. Araşdırmalar göstərir ki, hazırda müxtəlif ölkələrdən gələn turistlər nağdsız ödənişlərdən istifadəyə üstünlük verir. Keçən il ərzində bu turistlərin bank kartları vasitəsilə həyata keçirdiyi əməliyyatların həcmi 620 milyon manatdan artıq olub. Cari ilin ilk yarısında bu rəqəm 400 milyon manata yaxınlaşır. Bu isə nağdsız ödənişlərə tələbi artırır.

Digər tərəfdən, maliyyə sahəsində şəffaflığın artırılması üçün də hökumət nağdsız ödənişlərin həcminin artımında maraqlıdır. Bu fonda nağdsız ödəmələrin tətbiqi səviyyəsinin artırılması üçün ən mühüm sənədlərdən biri Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hesab olunur. Sənədin əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan maliyyə əməliyyatlarının həcminin əhəmiyyətli dərəcədə genişlənməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılmasıdır.  Eyni zamanda, proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması, avtomatlaşdırılmış kommunal xərc ödənişlərinin genişləndirilməsi nəzərdə tutulur. Nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərə əsasən, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə çatdırılması, pos-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə çatdırılması planlaşdırılır. Ekspertlər bütün bunları məqbul və vacib hal sayır. Lakin qeyd olunur ki, müəyyən stimullaşdırıcı tədbirlər də həyata keçrilməlidir ki, ticarətin elektron qaydada aparılmasına sahibkarlar tərəfindən də maraq artsın. İqtisadçı-ekspert Vüqar Bayramov bu xüsusda bildirir: "Elektron ticarətin inkişafı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Son dövrlər elektron ticarətin müqayisəli şəkildə inkişaf etməsinə baxmayaraq, bunun ümumi ticarətdə payının kifayət qədər az olduğunu müşahidə edirik. Söhbət, hətta birrəqəmli paydan gedir".
Onun sözlərinə görə, nağdlaşdırma ilə bağlı limitlərin tətbiq edilməsinə baxmayaraq, elektron ticarətin dövriyyəsində geniş artımlar yoxdur: "Elektron ticarətin təşviq edilməsinə ehtiyac var və bunun zəif inkişaf etməsinin bir səbəbi də budur. Vətəndaşlar həm də biznes elektron ticarətin aparılmasında maraqlı olmalıdır. Amma hələlik biz təşviq siyasətini müşahidə etmirik". Ekspert təklif edir ki, elektron ticarətin təşviq edilməsi məqsədilə ofisi və ya satış məntəqəsi olmayan şəxslər üçün güzəştlər tətbiq edilsin: "Söhbət əlavə dəyər vergisindən azad olmaqdan gedir. ABŞ-da belə bir təcrübə var. ABŞ-da elektron ticarətlə məşğul olanlar satış vergisindən azaddır və ona görə də bu, elektron ticarətlə məşğul olmağa stimul yaradır, təşviq edir. Bizdə də oxşar təcrübənin tətbiq edilməsi daha məqsədəuyğun olar. Çünki bu, nəticədə iş adamlarının elektron ticarətə marağının artmasına gətirib çıxara bilər".

Həmsöhbətimiz vətəndaşların elektron ödənişlərdən istifadəsini stimullaşdırmaq üçün Türkiyədə və digər ölkələrdə tətbiq edilən bonus sisteminin Azərbaycanda da tətbiqini təklif edir: "Bu zaman plastik kartlardan istifadə edərək ödəniş edən vətəndaşlarımız nəticə etibarı ilə bonus ala bilər. Məsələn, rüb ərzində 1000 manatlıq ödəniş edibsə, təklif edirik ki, onun 5 faizi bonus şəklində vətəndaşın hesabına, plastik kartına yüklənsin. Bunun üstünlüyü odur ki, vətəndaş artıq plastik kartla ödəniş etməkdə maraqlı olacaq. Digər tərəfdən, bu imkan verəcək ki, plastik kartların ödəniş dövriyyəsini genişləndirmək mümkün olsun". İqtisadçının fikrincə, dövlət də, 5 faiz bonus ödəməsinə baxmayaraq, vergidən yayınmanın qarşısını ala bilir: "Söhbət 18 faizlik əlavə dəyər vergisindən gedir. Bu vergidən yayınmanın qarşısını almaq 5 faizlik bonus fonunda dövlət üçün daha cəlbedicidir. O baxımdan bonus sisteminin tətbiq edilməsi vətəndaşların plastik kartlardan istifadəyə marağının artmasına və bütövlükdə plastik kartlardan istifadə ənənəsinin formalaşmasına gətirib çıxaracaq".

Hər halda, proseslərin gedişi nağdsız ödəmələr sahəsində maliyyə əməliyyatlarının həcminin artmasını istisna etmir.

Tahir TAĞIYEV

Son xəbərlər