17/10/2018 01:34
728 x 90

Pensiya təyinatlarının elektronlaşdırılması nələri dəyişəcək…

“Pensiya təyinatı sisteminin elektronlaşdırılması xidmət keyfiyyətinin artmasına səbəb olacaq”

img

Ruslan Atakişiyev: “Məsafədən asılı olmayaraq, hər kəs internet vasitəsilə pensiya ilə bağlı müraciət etmək imkanına malik olacaq”

 

"Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

O, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq, pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib.

Nazir bildirib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib.

Pensiya təyinatı sisteminin tam şəkildə elektronlaşdırılması bu sahəyə necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Ruslan Atakişiyevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, pensiya təyinatının elektronlaşdırılmasının bir sıra müsbət əhəmiyyəti var: “İlk olaraq bildirim ki, bu qayda xidmət keyfiyyətinin artmasına səbəb olacaq. Eyni zamanda, xidmət göstərən qurumun nümayəndələri ilə əhali qrupunun təması aradan qalxacaq. Bu da pensiya təyinatının şəffaf olmasına dəlalət edəcək”.

Həmsöhbətimizin sözlərinə görə, pensiya ilə bağlı müraciət edən şəxslər zaman baxımından qazanc əldə edəcəklər: “Məsafədən asılı olmayaraq, hər kəs internet vasitəsilə pensiya ilə bağlı müraciət etmək imkanına malik olacaq. Bu da insanların rahatlığına səbəb olacaq. Həmçinin, informasiya bazasının olması baxımından sistemin tam şəkildə elektronlaşdırılması əhəmiyyətlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər