22/10/2018 21:30
728 x 90

“Şahdəniz” qaz yatağından başlayan böyük dəhlizin Avropada daha bir yeni şaxəsi açılır...

“Azərbaycan qazının alıcısı nə qədər çox olsa, bu bir o qədər bizim xeyrimizədir”

img

Əli Əlirzayev: “Yunanıstanla Bolqarıstan arasında sözügedən kəmər inşa olunandan sonra qaz bazarı daha da genişlənəcək”

 

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə başlanması üçün hazırlıq işlərinin 80 faizdən çoxu başa çatıb. Bunu mətbuata açıqlamasında layihənin operatoru “ICGB AD” şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarı 2015-ci ilin dekabrında qəbul edilib: “Boru kəmərinin Bolqarıstan hissəsinin tikintisi üçün icazə alınıb. Yunanıstan hissəsinin tikintisinə icazə isə üçüncü tərəflərin boru kəmərinə çıxışı ilə bağlı müəyyən qaydaların qəbul olunmasından dərhal sonra alınacaq”.

T.Georgiyeva qeyd edib ki, səhmdarlar və Avropa Komissiyası layihənin maliyyə modelini və biznes planını razılaşdırıblar: “Hazırda Bolqarıstanla Yunanıstan arasında 25 il müddətinə vergitutma məsələləri ilə əlaqədar hökumətlərarası sazişin hazırlanması üzrə danışıqlar aparılır”.

"Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, "Şahdəniz-2” yatağından təbii qaz hasilatı üzrə işlər sürətlənir. 

Məlumat üçün qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Sonrakı mərhələlərdə qazın həcmi artırılacaq. Azərbaycan təbii qazı "Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddə birini ödəyəcək.

Ümumilikdə, sözügedən layihənin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, Azərbaycan qazının alıcısı nə qədər çox olsa, bu bir o qədər bizim xeyrimizədir: “Ona görə ki, qaz bazarında vacib olan məqamlardan biri də alıcının olmasıdır. Təkcə qazı hasil etməklə iş bitmir. Bunun bazarını da təşkil etmək lazımdır. Əlbəttə, Azərbaycan qazının Avropa bazarına çıxarılması daha sərfəlidir. Ona görə ki, Avropa bazarında qiymətlər yüksəkdir. O üzdən, çoxsaylı Avropa dövlətinin Azərbaycan qazına maraq göstərməsi bizim xeyrimizədir. Bolqarıstan həm adıçəkilən qitədə yerləşməklə yanaşı, həm də Avropa İttifaqının üzvüdür. Bolqarstanda nəqliyyat infrastrukturu inkişaf edib, Türkiyədən ora yollar çəkilib və s. Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinə başlanmaqla bağlı işlərin böyük hissəsi tamamlanıb. Hesab edirəm ki, Yunanıstanla Bolqarıstan arasında sözügedən kəmər inşa olunandan sonra qaz bazarı daha da genişlənəcək. Bazarın genişlənib şaxələnməsi də bizim üçün ən əlverişli imkanların yaranması deməkdir. Ona görə də biz bu xərci çəkib qazı Avropa bazarına çıxırıqsa, bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Çünki bütün bunlar nəticə etibarilə Azərbaycanın iqtisadi gəlirlərini artıracaq. Ona görə də Bolqarıstana qaz ixracını dəstəkləyirəm. Düşünürəm ki, iqtisadi baxımdan bu bizim xeyrimizə olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər