16/08/2018 00:58
728 x 90

Azərbaycanın qardaş Türkiyədəki bir neçə milyard dollara yaxın investisiya layihəsinin böyük gəlirləri başlayır

“Zavod fəaliyyətə başlayandan sonra bundan Dövlət Neft Şirkəti mənfəət götürəcək”

img

İlham Şaban: “Bunun sayəsində Azərbaycana dayanıqlı gəlirlər daxil olacaq”

 

SOCAR-ın Türkiyə Ofisinin rəhbəri Zaur Qəhrəmanov "Petkim"in Aliağa terminalının tərkibində inşa edəcəkləri ikinci neft-kimya zavodu üçün hazırlıqların gələn ilin aprel ayında başa çatacağını bildirib.

O bununla bağlı Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, iyun ayında isə tikinti işlərinə start veriləcək. Z.Qəhrəmanov deyib ki, bu layihənin icrası üçün Türkiyəyə böyük həcmdə sərmayə daxil olacaq: "Çalışacağıq ki, yeni müəssisənin tikintisini 3 ilə başa çatdıraq. Plana əsasən 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində yeni neft-kimya zavodu məhsul istehsalına başlayacaq".

Z.Qəhrəmanovun sözlərinə görə, Azərbaycan tərəfi STAR terminalının yaradılması yolu ilə Türkiyəyə 19 milyard dollar həcmində sərmayə yatırıb. Yeni qurulacaq müəssisədə isə ölkənin strateji ehtiyaclarına uyğun şəkildə qərəcə yanacağı, LPG və motorin istehsal ediləcək.

STAR zavoduna gəldikdə, qeyd edilib ki, artıq ilk neftlə dolu tanker bu terminala gəlib və oktyabrda müəssisə tam gücü ilə işə başlayacaq.

Z.Qəhrəmanov onu da deyib ki, zavodun açılışı prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin iştirakı ilə baş tutacaq.

STAR kompleksinin fəaliyyətə başlaması nəticəsində Türkiyənin xarici ticarətdə mənfi saldosu təxminən 1,5 milyard dollar azalacaq. Növbəti inşa olunacaq terminal zavod isə Türkiyənin mövqeyini daha da gücləndirəcək.

Türkiyənin ilk neft-kimya müəssisəsi olan "Petkim"in ildə 3,6 milyon ton məhsul istehsal etdiyini xatırladan Qəhrəmanova görə, ikinci "Petkim" istifadəyə veriləndən sonra ölkənin ehtiyac duyduğu adi neft-kimya məhsullarının istehsalı ilə məşğul olacaq.

Görünən odur ki, Türkiyədə STAR zavodunun acılışına az qaldı. Maraqlıdır, zavod fəaliyyətə başlayandan sonra Azərbaycana nə fayda verəcək?

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bunun Azərbaycana bir sıra faydası dəyəcək: “Məsələ ondadır ki, zavod fəaliyyətə başlayandan sonra bundan Dövlət Neft Şirkəti mənfəət götürəcək. Sözügedən mənfəətin artması hesabına dövlət büdcəsinə daxil olan ödəmələrin həcmi artacaq. Məsələn, SOCAR bəyan edib ki, bundan təqribən 800 milyon dollara qədər mənfəət əldə edəcək. Onu da nəzərə almaq lazımdır ki, STAR zavodunun tikintisi ilə əlaqədar xarici banklardan 2,9 milyard dollara qədər kredit götürülüb. Zavoddan əldə olunacaq gəlirlərin bir hissəsi götürülən kredit resurslarının qaytarılmasına sərf olunacaq. Yerdə qalan vəsait mənfəət şəklində şirkətə gələcək. Bu da, öz növbəsində, şirkətin mənfəətinin artmasına səbəb olacaq. Şirkətin mənfəətinin artması dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına gətirib çıxaracaq. Ona görə də zavodun iqtisadi səmərəsi bu formada olacaq və Azərbaycan bundan qazanacaq. Nəzərə almaq lazımdır ki, söhbət böyük bir neft-kimya kompleksinin fəaliyyət göstərməsindən gedir. Bunun sayəsində Azərbaycana dayanıqlı gəlirlər daxil olacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər