17/10/2018 01:29
728 x 90

137 ölkə arasında Azərbaycan 36-cı - yeni reytinq göstəricisi...

“Yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən yatırılan sərmayələr artıq öz müsbət nəticəsini verir”

img

Azər Allahverənov: “Növbəti illərdə dərc olunacaq reytinq cədvəllərində yol infrastrukturuna görə Azərbaycan daha ön sırada qərarlaşacaq”

 

Xəbər verildiyi kimi, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə dünyada 36-cı yerdə qərarlaşıb. 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infrastrukturuna malik ölkələrin siyahısı tərtib olunub.

Məlumat üçün bildirək ki, siyahıya 137 ölkə daxil edilib. Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilir, bununla belə, heç bir ölkə ən yüksək bal toplaya bilməyib.

Ən pis yol infrastrukturuna malik ölkə Mavritaniya olub. Bu ölkəyə 2 bal verilib. Onun ardınca 2,1 balla Konqo Demokratik Respublikası və Haiti qərarlaşıb. Dördüncü və beşinci yerləri yolları 2,2 bal qiymət alan Madaqaskar və Qvineya tutub. Onların ardınca Yəmən (2,3 bal), Paraqvay (2,4), Ukrayna (2,4), Mozambik (2,5) və Moldova (2,5 bal) gəlir.

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə siyahıda bir çox dünya və Avropa ölkəsini geridə qoyaraq 36-cı pillədə qərarlaşıb. Ölkənin yolları 4,8 bal səviyyəsində qiymətləndirilib.

Qeyd edək ki, reytinqdə ən yaxşı BƏƏ (6,4 bal), Sinqapur (6,3), İsveçrə (6,3), Honkonq (6,2), Niderland (6,1), Yaponiya (6,1), Fransa (6), Portuqaliya (6), Avstriya (6), həmçinin, ABŞ-ın (5,7) yolları ən yaxşı hesab edilib.

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycanın 137 ölkə arasında 36-cı yerdə olmasına münasibət bildirən yol-nəqliyyat eksperti Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu olduqca yaxşı göstəricidir: “Məlumdur ki, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən yatırılan sərmayələr artıq öz müsbət nəticəsini verir. Bu templə davam etsək, növbəti illərdə dərc olunacaq reytinq cədvəllərində yol infrastrukturuna görə Azərbaycan daha ön sırada qərarlaşacaq”.

Həmsöhbətimiz onu da vurğuladı ki, şimal, cənub və digər istiqamətlər üzrə yol infrastrukturunun inkişafı ilə bağlı layihələr həyata keçirilir: “Mütəmadi olaraq, Prezident İlham Əliyev tərəfindən yolların düzəldilməsi və müasir standartlara cavab verməsi ilə bağlı sərəncamlar imzalanmasının şahidi oluruq. Yeni yolların salınması, təmiri, mövcud yol infrastrukturunun inkişafı ilə bağlı sərəncamlar imzalanır. Təbii ki, bu sahəyə yatırılan sərmayə nəticəsində Azərbaycanın yol infrastrukturu keçirilən sorğularda öz yerini tapır”.

Günel CƏLİLOVA 

Son xəbərlər