22/10/2018 21:18
728 x 90

Azərbaycanın tikinti sektorunda yeni “bum” artıq başlayıb

“Hər bir ölkədə tikinti sektorundakı vəziyyət həmin ölkədəki iqtisadi durumu xarakterizə edən əsas indiqatorlardan biridir”

img

Fikrət Yusifov: “Real sektorda əldə olunan uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır”

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi potensialını yüksəltməklə yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərir. İldən-ilə artan ümumdaxili məhsul, büdcə gəlirləri və valyuta ehtiyatlarımız ümumilikdə Azərbaycan iqtisadiyyatının stabil və dinamik şəkildə inkişafını şərtləndirir. Məhz bu müsbət keyfiyyətlərinə görə bu gün Azərbaycan dünya ölkələri arasında ön sıralarda qərarlaşır.

Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatının, demək olar ki, bütün sahələrində artım qeydə alınıb. Aparılan islahatlar artıq nəticələrini verir. Bu ilin altı ayı ərzində ümumdaxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb. Sənaye istehsalı 1 faiz artıb. Qeyri-neft sənayesində 8,8 faiz artım qeydə alınıb. Bu müddətdə kənd təsərrüfati ümumilikdə 7,6 faiz, bitkiçilik 14 faizdən çox inkişaf edib. İlin əvvəlindən valyuta ehtiyatları da artaraq 44 milyard dolları keçib.

Son dövrlər diqqəti cəlb edən məqamlardan biri də tikinti sektorunda müşahidə olunan artımdır. Müşahidələr göstərir ki, inşaat sektorunda ciddi canlanma özünü göstərir. Məlumata görə, bu ilin birinci yarısında tikinti sektorunda 17 faiz artım qeydə alınıb. Tikinti sektorunun əmk tutumlu bir sahə olduğunu nəzərə alsaq, bu elə də kiçik rəqəm deyil. O baxımdan tikinti sektorunda qeydə alınan artımı nəzərə alsaq, demək olarmı ki, ölkə postneft durğunluğundan tam çıxmağa başlayıb?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bunu istisna etmədi: “Hər bir ölkədə tikinti sektorundakı vəziyyət həmin ölkədəki iqtisadi durumu xarakterizə edən əsas indiqatorlardan biridir. Məsələ ondadır ki, tikinti işləri geniş şəkildə gedirsə, deməli, ölkənin iqtisadiyyatında dirçəliş prosesi gedir. Qurub-yaratmaq inkişafın ən yaxşı göstəricisidir. Bu gün Azərbaycanın Bakı şəhəri başda olmaqla bütün bölgələrində tikinti sektorunda canlanma var. Nəzərə almaq lazımdır ki, 2017-ci ildə iqtisadiyyatda sabitlik bərqərar oldu. Cari ildə isə artıq iqtisadi artım baş verir. Ümumi iqtisadiyyatda bu artım bir o qədər böyük olmasa da, real sektorda inkişaf sürəti normal sayıla bilər. Hesab edirəm ki, ilin ikinci yarısında iqtisadiyyatda artım sürəti daha böyük olacaq. 2018-ci ilin birinci yarısı ərzində real sektorda artım 2 faiz təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz arta bilib. İlin sonuna doğru bu göstəricilərin bir qədər də yaxşılaşacağı gözlənir. Yarım il ərzində ölkənin valyuta ehtiyatları 44,3 milyard dollara çatıb. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq. Yarım ildə əldə olunan bu uğurlarda əlverişli biznes mühitinin rolu əvəzedilməzdir. Real sektorda əldə olunan uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər