13/12/2018 18:06
728 x 90

Azərbaycanın neft-qaz satışından gəlirləri bir neçə dəfə artım ərəfəsində…

img

Azərbaycanın proqnozlaşdırılan təbii qaz ehtiyatı 3,4 trilyon kubmetr, xam neft ehtiyatı isə 2 milyard tondur. Bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, hazırda ölkədə 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı var.

Rəqəmlərdən göründüyü kimi, Azərbaycanın karbohidrogen ehğtyiatları hələ qarşıdakı dövr ərzində də ölkəyə böyük həcmdə valyuta daxil olmasını təmin edəcək. Nəzərə alaq ki, indiyədək 482 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. Qalan xam neft ehtiyatının isə 2 milyard ton olması nəzərə alınarsa, deməli, Azərbaycan təkcə neft satışından böyük həcmdə gəlir əldə edəcək. Təbii qaz ehtiyatları da kifayət qədər böyükdür.

Hazırda baş verənlər isə dünya bazarlarında qarşıdakı dövr ərzində karbohidrogen məhsullarının qiymtəinin əhəmiyyətli dərəcədə artacağını göstərir. Bura ilk növbədə neftin qiyməti daxildir. Hazırda ABŞ və İran arasında yaşanan gərginliyin yüksələn xətt üzrə inkişafı neftin daha sürətlə bahalaşmasına rəvac verir. Dünya birjalarında ölkəmizin satdığı neftin qiyməti yenidən 80 dollara çatıb. Londonun ICE  birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 77,62 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar bahalaşaraq 74,19 dollar təşkil edib. Amma qiymətlərin daha da yüksəlməsi gözlənir. İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEK) nümayəndəsi Hüseyn  Kazempur Ərdəbili bildirir ki, ABŞ prezidenti Donald Trampın səbəb olduğu neft tədarükü üzrə problemlərlə əlaqədar “qara qızıl”ın bir barrelinin qiyməti yaxın vaxtlarda 100 dolları keçəcək. O bildirib ki, Səudiyyə Ərəbistanı ilə Rusiyanın qiyməti aşağı salacaqlarına dair gözləntilər isə boş yerədir: “Tramp İranın qlobal bazara çıxışına maneə törədərkən Səudiyyə Ərəbistanı və Rusiyanın əlinə girov düşəcəyini hesablamalı idi. Neftin qiymətinin aşağı olması bu iki ölkənin xeyrinədir. Bütün dünyadakı, xüsusilə ABŞ-dakı istehlakçıların benzin stansiyalarında baha qiymətlər ödəməsinin məsuliyyəti yalnız Trampın çiyinlərində olacaq və neftin qiymətinin 100 dolları keçəcəyi günlər də gələcək”.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma direktoru Brayn Huk İrana qarşı təzyiqlərin məqsədinin bu ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişməsini təmin etmək olduğunu bildirib: “Hədəfimiz İran rejiminə qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirməkdir. Bunun qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Lakin qlobal səviyyədə kifayət qədər neft ehtiyatının olduğuna şübhəmiz yoxdur. İran strategiyamız rejim dəyişikliyinə deyil, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə istiqamətlənib. İranın neft gəlirlərini sıfıra endirmək istəyirik”. İran prezidenti Həsən Ruhani isə ABŞ rəsmisinin bu sözlərinə münasibət bildirərək deyib: “Bu əsla real olmayacaq boş sözlərdir. ABŞ səlahiyyətlilərinin bu açıqlamaları enerji və ticarət üzrə bütün beynəlxalq qaydalara ziddir”. Həm Həsən Ruhaniyə dəstək məqsədilə, həm də ABŞ-a cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini İsmayıl Kövsəri bildirib ki, İran neftinin satışına maneələr yaradılacağı təqdirdə onlar Hörmüz boğazından digər ölkələrin neft tankerlərinin keçməsinə icazə verməyəcək. Rusiyanın tanınmış mətbu orqanlarından sayılan “Nezavisimaya qazeta“ yazır ki, belə vəziyyət neft bazarında həqiqətən də böyük rezonans yaradacaq: “İranın hərbi-siyasi rəhbərliyi Hörmüz boğazından keçən neft ixracatını birtərəfli qaydada bağlamağı vəd edir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərindən İsmayıl Qusari bu cür bəyanatla çıxş edib. O əlavə edib ki, bu, Birləşmiş Ştatların başqa ölkələrə Tehrandan “qara qızıl” almağı yasaqlamaq qərarına cavab olacaq. İsmayıl Kövsəri bununla bağlı qeyd edib: “Birləşmiş Ştatlar  İran neftinin ixracatını önləməyə hazırlaşırsa, biz bunun Hörmüz boğazı üzərindən başqa ölkələrə çıxarılmasına imkan verməyəcəyik”. Bu hal hər gün Hörmüz boğazı vasitəsilə başqa ölkələrə ixrac edilən 20 milyon barrel neftin yolunun bağlanmasına səbəb olacaq. Oman körfəzini Fars körfəzinə bağlayan Hörmüz boğazını bağlamaq vədi birinci dəfə səslənmir. İran rəhbərliyinin neft tankerlərinin keçidini özbaşına bağlamaq hədələri 2011-də də yayılmışdı – antiiran sanksiyaların müzakirəsi axınında. O zaman dünya birliyi mümkün risqləri ciddi ölçüb-biçməli oldu. Düzdür, o vaxt Hörmüz boğazından keçən gündəlik neftin həcmi 17 milyon barrel dəyərləndirilib ki, bu da, ABŞ hökumətinin rəsmi qiymətinə əsasən, bütün dünya neftinin 20%-ni təşkil edib. O vaxt Pentaqon başçısı postunu tutan Leon Panetta, 2012-ci ildə Tehran Fars körfəzindən neft nəqlinə hansısa şəkildə təsir etməyə cürətlənsə, hərbi əməliyyat keçirməyə söz vermişdi. Ali İqtisadiyyat Məktəbi siyasi elmlər departamentinin baş eksperti  Leonid İsayev isə bildirir: Hörmüz boğazı istisnasız olaraq İranın istifadəsində deyil.  O, nəzəri olaraq bağlansa, çox ciddi zərbə endiriləcək. Fars körfəzi ölkələrindən istehlakçılara yönələn bütün gəmilər oradan keçir. Məsələn, Səudiyyə Ərəbistanının şərqində yerləşən hər şey Hörmüz boğazından keçir və yoluna davam edir. Başqa yandan, orada Oman var və keçidlər tənzimlənir. Amma bu, hansısa fitnələrin ola biləcəyini istisna etmir.

Hörmüz boğazı rayonunda fitnəkarlıqlar həqiqətən artıq baş verib. 2017-nin yayında ABŞ dəniz piyadası korpusunun helikopterlərindən biri Amerika gəmilərilə birlikdə Fars körfəzindən keçən ticarət gəmisini müşayiət edərkən İran HDQ-nin raket kateri ona lazer şüası göndərib. O vaxt ABŞ Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Uilyam Urban dəqiqləşdirib ki, iranlılar tərəfindən projektor işlədilib. Həmin ilin yazında qeydə alınıb ki, İİKK-ə məxsus gəmilər Amerika gəmisinin 548 metrliyindən keçərək onu öz kursuna düzəliş etməyə məcbur edib. Amerika qüvvələri hətta xəbərdarlıq atəşi açmalı olub. İndi Hörmüz boğazında hansısa hadisə neftin qiymətini fantastik həddə yüksəldəcək. Hadisələr isə məhz buna doğru gedir və bu proses, görünür, çox uzun çəkəcək”.

Tahir TAĞIYEV

Son xəbərlər