19/07/2018 04:10
728 x 90

Azərbaycanın sosial təminat sektoru dərin dəyişikliklər ərəfəsində - istiqaməti Prezident göstərdi...

“Sosial təminat sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var”

img

Vüqar Bayramov: “Sosial təminat sahəsində yaşanan problemlərin aradan qaldırılması üçün öncə elekron xidmətlərin istifadə dairəsi genişləndirilməlidir”

 

"Sosial təminat sahəsində ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident vurğulayıb ki, bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək: "Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaq. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq".

Sosial təminat sahəsində tam ədalətin bərqərar olunması üçün nə kimi işlərin görülməsini öyrənmək məqsədilə mütəxəssislərə müraciət etdik.

İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial sferada ədalətin bərqarər olunması vətəndaşların istifadə etdiyi xidmətlərdə şəffaflığın təmin olunması deməkdir: “Hesab edirəm ki, sosial təminat sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ciddi ehtiyac var. Prezidentin iştirakı ilə keçirilən iclasda qeyd olunduğu kimi, son illər bu sahədə nöqsanlar müşahidə olunur”.

V.Bayramov hesab edir ki, sosial təminat sahəsində yaşanan problemlərin aradan qaldırılması üçün bəzi layihələrin həyata keçirilməsinə ehtiyac var: “İlk öncə elekron xidmətlərin istifadə dairəsi genişləndirilməlidir. Elekron müraciət zamanı bu sistemə kənar müdaxilələr tamamilə aradan qaldırılmalıdır. Eyni zamanda, ictimai nəzarət mexanizmi formalaşdırılmalıdır. Xüsusən də sosial yardımların verilməsi prosesinə ictimai nəzarət mexanizminin formalaşmasına ehtiyac var. Qeyd olunan sahədə nöqsanların aradan qaldırılması üçün ictimai nəzarət mexanizmi tətbiq olunmalıdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, sosial yardımların verilməsinə məsul olan dövlət qurumlarında da islahatlar aparılmalıdır: “Hesab edirəm ki, bu sahədə islahatların gücləndirilməsinə və daha çevik idarəetmə sisteminin formalaşmasına ehtiyac var”.

Günel CƏLİLOVA

Son xəbərlər