19/07/2018 03:56
728 x 90

Cəmi 3 faiz inflyasiya – dünyada çox nadir görünən göstərici Azərbaycan iqtisadiyyatında…

“Ölkənin valyuta bazarında sabitləşmə hökm sürür”

img

Pərviz Heydərov: “Ölkə iqtisadiyyatına xarici təsirlərin zəifləməsi nəticəsində inflyasiya olduğu səviyyədə qalacaq”

 

“Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O qeyd edib ki, kənd təsərrüfatı 7,6 faiz artıb. Bitkiçilik 14 faizdən çox artıb. 67 min yeni iş yeri yaradılıb: “Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artıb. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir”.

Azərbaycanda inflyasiya cəmi 3 faizdir. Ölkəmiz inflyasiyanın bu cür idarə edilməsinə necə nail olub?

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, 2016 və 2017-ci illərdə inflyasiya 2 rəqəmli səviyyədə idi: “Əvvəllər isə inflyasiya birrəqəmli səviyyədə olub. Bəllidir ki, neftin satış qiymətinin kəskin şəkildə enməsi nəticəsində 2015-ci ildə manatın məzənnəsi xarici valyutaya nisbətən iki dəfə dəyişdi. Daha sonra manat sərbəst “üzən məzənnə” rejiminə buraxıldı. O da bəllidir ki, ölkədə inflyasiyanı yaradan əsas səbəb manatın məzənnəsində yaşanan dəyişiklik idi. Eyni zamanda, məlum hadisəyə görə ölkəyə idxal olunan məhsulların qiymətlərinin yüksəlməsi idxal inflyasiyasını yaradırdı. Beləliklə, həmin ərəfədə inflyasiya 12 faiz səviyyəsində idi. Ancaq indi vəziyyət fərqlidir. Bəllidir ki, 2017-ci ildən etibarən dünya bazarında neftin satış qiyməti sabitləşib. Həmçinin, ölkənin valyuta bazarında sabitləşmə hökm sürür”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ölkə iqtisadiyyatına xarici təsirlərin zəifləməsi nəticəsində inflyasiya olduğu səviyyədə qalacaq. P.Heydərov hesab edir ki, ilin sonunda inflyasiya birrəqəmli səviyyədə yekunlaşacaq.

Günel CƏLİLOVA

Son xəbərlər