24/09/2018 18:07
728 x 90

Bakını bərbad günə qoymuş tikinti xaosu Prezidentin hədəfində…

“Elə yerlər var ki, bir mənzildən baxanda digər mənzilin içi görünür”

img

Günel Fərhadqızı: “Hansısa qəza, yanğın olsa, təsəvvür edirsinizmi əhali nə vəziyyətə düşəcək?”

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkədə tikinti xaosu yaradan məmurların fəaliyyətini sərt tənqid edib:

“Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın, demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm də özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır”.

Dövlət başçısının sözlərinə görə, iki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranıb və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərib: “Bunlar bir-birilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”.

Prezidentin sözlərinə görə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir: “Bunu təkcə biz demirik. Bunu, demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında, Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan bir-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.

Göründüyü kimi, ölkə başçısı qanunsuz tikililərin ərsəyə gəlib şəhərimizin görünüşünü korlamaqla yanaşı, həm də digər problemlərə səbəb olmasında məmurların məsuliyyət daşıdığını xüsusi vurğulayıb. Bu çıxışdan hansı nəticələr çıxarılmalıdır?

İqtisadçı Günel Fərhadqızının sözlərinə görə, ölkə başçısı əvvəllər də bu məsələyə toxunub: “Bilirsiniz, hiss olunan budur ki, ölkə başçısı yaranmış vəziyyəti çox böyük ürək ağrısı ilə qarşılayır. Diqqətçəkən vacib məqam isə sadalanan faktların xırda detallarından belə ölkə başçısının məlumatlı olmasıdır. Prezident bu neqativliklərlə tək mübarizə apara bilməz axı. O, müharibə şəraitində yaşayan ölkənin başçısıdır. Bunun ordu quruculuğuna nəzarəti var, xarici siyasət kursunun konturlarının dəqiq müəyyənləşdirilməsi var və s. Yəni fiziki baxımdan da mümkün deyil ki, ölkə başçısı gedib hansısa qanunsuz tikilinin necə söküldüyünə nəzarət etsin.  Prezident haqlı olaraq qeyd edir ki, bunu əlaqədar məmurların icazəsi olmadan etmək mümkün deyil. Böyük bir “göydələn”in zəbt olunmuş qanunsuz yerdə ucaldılması  məmurların icazəsi olmadan qeyri-mümkündür. Bəli, elə yerlər var ki, iş adamları həmin binaları tikəntə yalnız pul qazanmağı fikirləşiblər. Başqa detallar onları maraqlandırmayıb. Elə yerlər var ki, bir mənzildən baxanda digər mənzilin içi görünür. Elə də binalar var ki, bir eyvandan asanlıqa başqa bir binanın mənzilinə keçmək olar. Orada hansısa qəza, yanğın olsa, təsəvvür edirsinizmi əhali nə vəziyyətə düşəcək? Heç bir arxitektura qanunlarında, şəhərsalma mədəniyyətində belə amillərə rast gəlinmir. Mən hələ səkilərin üstündə, yola çıxaraq tikilən obyektlərdən danışmıram. Ölkə başçısı doğru olaraq qeyd etdi ki, məhz həmin tikililər şəhərin nəqliyyatını iflic edir. Adətən belə olur ki, Prezidentin çıxışından sonra bəzi adamlar cəzalandırılır. Sonra proses sanki unudulur. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə ciddi məsuliiyət düşür. Ortada ən yüksək səviyyədə siyasi iradə varsa, demək ki, belə neqativliklərlə ən sərt formada mübarizə aparmaq mümkündür. Yaranmış vəziyyətdən hiss edilir ki, budəfəki xəbərdarlıqdan sonra bu sahədə ciddi irəliləyişlərin olacağı gözlənir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər