13/12/2018 18:09
728 x 90

Banklararası kredit faizləri niyə yüksəlir – iqtisadi əsaslar, ya spekulyasiya…

“Banklararası kredit faizlərinin yüksəlməsi səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcəsinin işlək olmaması ilə bağlıdır”

img

Əkrəm Həsənov: “Mərkəzi Bank bütün banklara 10 faizlə kredit versəydi, o zaman banklararası kredit faizi yüksəlməzdi, əksinə, aşağı olardı”

 

Azərbaycanda banklararası kredit faizləri artıb. Ölkəmizdə manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi may ayı ilə müqayisədə artaraq, iyunun 1-nə illik 11,64% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatında qeyd olunur. Hesabata əsasən, xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 5,18%-dən 5,74%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.

Banklararası kredit faizlərinin bahalaşmasının səbəbləri barədə danışan bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Ötən ayla müqayisədə banklararası kredit faizlərinin yüksəlməsi gözləniləndir. Banklararası kredit faizlərinin yüksəlməsi səbəblərindən biri Mərkəzi Bankın uçot dərəcəsinin işlək olmaması ilə bağlıdır. Məlumat üçün bildirim ki, Mərkəzi Bank banklara  krediti ilin əvvəlində 15, fevral ayında 13, apreldə 11 və sonra isə 10 faizlə verirdi. Belə olan halda, banklar bir-birinə yüksək deyil, aşağı faizlə kredit verməlidirlər. Banklararası kredit faizi azalmalı idi. Ancaq biz bunun əksini müşahidə etdik. Təəssüf ki, banklararası kredit faizi yüksəldi”.

Həmsöhbətimiz hesab edir ki, Mərkəzi Bank bütün kommersiya banklarına kredit vermir. Yalnız bəzi banklara 10 faizlə kredit verir: “Belə olan halda, kredit alan banklar həmin kreditin üzərinə faiz qoyaraq digər banklara kredit verirlər. Beləliklə, həmin banklar əlavə gəlir əldə edirlər. Bu isə düzgün deyil, ədalətsizlikdir. Mərkəzi Bank bütün banklara 10 faizlə kredit verməlidir. Belə olsaydı, banklararası kredit faizi yüksəlməzdi, əksinə, enməli idi. Yaranmış vəziyyət bir daha sübut edir ki, bank sektorunun sağlamlaşdırılmasına ehtiyac var”.

Günel CƏLİLOVA 

Son xəbərlər