17/08/2018 13:45
728 x 90

TANAP Azərbaycana və Türkiyəyə qarşıdakı iki ildə nə qədər gəlir gətirəcək…

“TANAP Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməklə yanaşı, ölkəmizə böyük iqtisadi gəlirlər qazandıracaq”

img

Günel Fərhadqızı: “Kimsə Türkiyəni enerji şantajına məruz qoya bilməyəcək”

 

İyunun 12-də Azərbaycan daha bir uğura imza atdı. Ölkəmizin liderliyi ilə həyata keçirilən, mühüm tarixi əhəmiyyətə malik olan, xalqımızın firavan gələcəyini təmin edən, böyük bir coğrafiyada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən, XXI əsrin layihəsi adlandırılan, “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazı Xəzər dənizindən Türkiyəyə, oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsi olan “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TANAP uğurla reallaşdırıldı.

Təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulan TANAP regionda enerji siyasətinə təkan verə biləcək strateji bir layihədir. Hələ təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanın bu günə qədər Türkiyə və Gürcüstanla bərabər təşəbbüs kimi irəli sürdüyü bütün layihələr uğurla nəticələnib. Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəql edəcək Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır. Cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. Göründüyü kimi, TANAP regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Layihənin 2020-ci ildə TAP kəməri ilə birləşdirilməsinə qədər, yəni bu iki il müddətində Azərbaycan və Türkiyə TANAP-dan hansı maliyyə gəlirləri, iqtisadi və siyasi dividendlər əldə edəcəklər?

İqtisadçı Günel Fərhadqızının sözlərinə görə, TAP istifadəyə verilənə qədər TANAP-dan əsas xeyir görən ölkələr Azərbaycanla Türkiyə olacaq: “Düşünürəm ki, belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihənin uğurla reallaşdırılması, həyata vəsiqə alması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməklə yanaşı, ölkəmizə böyük iqtisadi gəlirlər qazandıracaq, respublikamızın sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verəcək. Bununla rəsmi Bakı sübut etdi ki, əgər əvvəllər respublika dünya bazarına neft tədarükü üçün çalışırdısa, hazırda TANAP vasitəsilə Azərbaycan qazının türk və Avropa bazarına çıxışı təmin olunacaq. TANAP-ın 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulsa da, layihə üzrə işlər nəzərdə tutulduğundan da tez təhvil verildi. Ən maraqlısı isə budur ki, Türkiyə ilə Azərbaycan Rusiyadan yan keçən bu layihədə Moskvanın maraqlarını uzlaşdıra bilib. TANAP “Türk axını”na rəqib hesab edilsə də, rəsmi Moskva cənubda rəqabətin güclənməsindən narahatlıq ifadə etmədi. Hesab edirəm ki, TANAP fəaliyyət göstərəcəyi ikiillik müddət ərzində Azərbaycana böyük iqtisadi fayda verəcək. Bu müddət ərzində də biz öz qazımızı valyutaya satacağıq. 2020-ci ildən sonra isə qaz nəqlinin həcmi və ondan gələn maliyyə çoxalacaq. Bununla Azərbaycanın siyasi çəkisi də artacaq. Cünki biz artıq Avropanın enerji təhlükəsizliyində mühüm amilə çevrilmiş oluruq. “Cənub Qaz Dəhlizi”nin açılması ilə Türkiyə Avropa yolunda əsas tranzit koridoruna və ən vacib enerji qovşağına çevrilmış oldu. Hələ 2016-cı ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, “Cənub Qaz Dəhlizi” ilə ixrac olunacaq qaz artıq satılıb. Buna görə də hər hansı başqa regional enerji layihələri obyektiv olaraq onunla rəqabət apara bilməz. Göründüyü kimi, layihəyə mane olacaq heç bir amil yoxdur. TANAP Türkiyənin qaza olan tələbatını ödəyəcək. Bu, qardaş ölkənin resursları hesabına reallaşırsa, kimsə Türkiyəni enerji şantajına məruz qoya bilməyəcək. Bu baxımdan da Türkiyə və Azərbaycan TANAP-dan siyasi, iqtisadi və böyük maliyyə qazancları götürəcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər