17/10/2018 01:29
728 x 90

Ərəblər Ələtə 500 milyon dollarlıq investisiyanı artıq etdilər...

“Ələt qəsəbəsində yaradılan azad ticarət zonası ərəb sahibkarları özünə cəlb edir”

img

Vüqar Bayramov: “Bütün bunlar əlbəttə ki, sözügedən ölkələrdən Azərbaycana sərmayənin gəlməsinə şərait yaradır”

 

Dünyanın bir çox dövləti ərəb sərmayədarlarını öz ölkələrinə cəlb etməyə çalışır. Məsələ ondadır ki, ərəblərin maliyyə imkanları kifayət qədər böyükdür və əksər dövlətlərin diqqət mərkəzindədir. Son illər ərzində bu ölkələr sırasına Azərbaycan da qatılıb.

Belə ki, turizmin inkişafı nəticəsində ərəb ölkələrindən Azərbaycana böyük axın var. Eyni zamanda, ərəb investorları da Bakıya üz tutmağa başlayıblar. Artıq müəyyən əlaqələr də qurmağa başlayıblar. Ötən ay Bakıda Birinci Azərbaycan-Ərəb İnvestisiya və Biznes Forumu keçirilib. Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib.

Bu arada məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar. Hələlik investisiyaların hansı layihəyə yatırıldığı açıqlanmır. Məlumata görə, azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, azad ticarət zonasının yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan "Dubai Port World” və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir.

Bütün hallarda, ərəb ölkələrinin Azərbaycana sərmayə qoymaqla bağlı belə aktivlik göstərməsini ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, ərəb ölkələrinin sərmayə imkanları böyükdür: “O baxımdan, ərəb sərmayəsinin Azərbaycana cəlb edilməsi arzuolunan bir məsələdir. Nəzərə alsaq ki, ərəb kapitalının Azərbaycan cəlb edilməsi imkanları nisbətən asandır, o üzdən bunu dəyərləndirmək lazımdır. Bir tərəfdən Azərbaycanla ərəb ölkələrinin münasibətləri yaxşıdır. Digər tərəfdən isə ərəb kapitalı yeni bazar axtarır və Azərbaycan ərəb kapitalı üçün yeni bazar rolunu oynayır. Lakin bir fakt da var ki, dünyada kapital uğrunda mübarizə gedir. Bu baxımdan kapital cəlb etmək o qədər də asan deyil. Kapitalın cəlb edilməsi həm də investisiya mühitinin yaxşılaşdırılmasını tələb edir. Ərəb kapitalının cəlb edilməsi üçün də investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var. Son illər bu istiqamətdə Azərbaycanda bir sıra sistemli islahatlar həyata keçirilib. O cümlədən, Ələt qəsəbəsində yaradılan azad ticarət zonası ərəb sahibkarları özünə cəlb edir. Ona görə də onların bura qoyduqları sərmayələr artır. Hesab edirəm ki, bu müsbət tendensiyadır. Region ölkələri çalışırlar ki, öz investisiya mühitlərini yaxşılaşdırmaqla, daha çox kapital cəlb edə bilsinlər. Azərbaycanda da bu yöndə böyük işlər həyata keçirilir. İqtisadiyyatda bürokratik əngəllər aradan qaldırılır. Həmçinin, ərəb kapitalına yeni layihələr təklif olunur. Bütün bunlar əlbəttə ki, sözügedən ölkələrdən Azərbaycana sərmayənin gəlməsinə şərait yaradır”.

Vidadi ORDAHALLI 

Son xəbərlər