17/08/2018 13:46
728 x 90

Azərbaycanın meyvə-tərəvəzi Avropa və ərəb bazarlarına böyük çıxış ərəfəsində…

“İxrac coğrafiyasını genişləndirmək üçün xarici bazara yalnız keyfiyyətli və gübrəsiz məhsul çıxarmaq lazımdır”

img

Əli Əlirzayev: “Azərbaycan torpağında istehsal olunan meyvə-tərəvəzə kənar müdaxilə olmazsa, ixrac coğrafiyamız genişlənə bilər”

 

Məlum olduğu kimi, Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi üzrə işlər aparılır. Bu barədə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin müavini Jalə Əmirbəyova media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün əsas ixrac bazarları Rusiya və digər MDB ölkələridir. Avropa və ərəb ölkələrinə gəlincə, J.Əmirbəyova qeyd edib ki, bu ölkələrə məhsul ixracı sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdudlaşdırılıb: "Bu gün bizim üçün əsas ixrac istiqaməti Rusiya bazarıdır. Azərbaycan, həmçinin, digər MDB ölkələrinə, əsasən şimalda yerləşən ölkələrə məhsul ixrac edir. Avropa və ərəb ölkələrinə ixrac həcmi böyük deyil, çünki burada sertifikatlaşdırma problemi mövcuddur. Sertifikatlar çox bahadır - 20-30 min avrodan başlayır və onları hər məhsul üçün ayrı-ayrılıqda almaq lazımdır. Elə bu səbəbdən bu gün Rusiya və MDB ölkələrinin bazarlarına çıxmaq daha asandır. Hazırda sertifikatların standartlaşdırılması və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində böyük işlər aparılır. Bundan sonra ixrac imkanları kifayət qədər genişlənəcək".

Meyvə-tərəvəz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində nə kimi işlərin görülməsi barədə danışan iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Meyvə-tərəvəz istehsalı artdıqca, ixrac da artmalıdır. Tək daxili tələbat yox, eyni zamanda, xarici tələbat da yüksək səviyyədə təmin olunmalıdır. Meyvə-tərəvəz ya hazır formada ixrac olunmalıdır, ya da emal olunmuş formada. Ümumiyyətlə, ixracat potensialının artırılması “Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Ölkənin iqtisadi inkişafında ixracatın artması mühum rol oynayır”.

Həmsöhbətimizin sözlərinə görə, sertifikat əsasən keyfiyyətli məhsula verilir: “Sertifikatda məhsulun daxili keyfiyyəti və xarici görünüşü qeyd olunur. İxrac coğrafiyasını genişləndirmək üçün xarici bazara yalnız keyfiyyətli və gübrəsiz məhsul çıxarmaq lazımdır. Əgər xarici bazara gübrəli məhsul ixrac olunarsa, bu, Azərbaycanın adına zərər vurar. Belə olarsa, tək bir ölkə deyil, həmin ölkənin qonşu ölkələrinə belə məhsul ixrac edə bilmərik”.

Ə.Əlirzayev qeyd etdi ki, Azərbaycan torpağında istehsal olunan meyvə-tərəvəzə kənar müdaxilə olmazsa, ixrac coğrafiyamız genişlənə bilər. Eyni zamanda, məhsulun qablaşdırılması və onun xarici ölkələrdə yüksək səviyyədə reklam olunması ixracata öz təsirini göstərir: “Avropa, ərəb və ya digər bazarlara məhsul ixrac etməzdən öncə xarici bazarı araşdırmaq lazımdır. Dünya standartlarına uyğun məhsul istehsal edəriksə, ixracat coğrafiyamız genişlənə bilər”.      

Günel CƏLİLOVA

Son xəbərlər