18/06/2018 05:52
728 x 90

Azərbaycana xarici investisiyaların cəlbi üzrə yeni proqram…

“İnvestisiya şirkətləri adətən maraqlandıqları layihələri əsasən texnoloji parklar vasitəsilə əldə edirlər”

img

Müslüm İbrahimov: “Yüksək Texnologiyalar Parkı” xarici investorların istədikləri məhsulu istehsal etməsi üçün ən münasib məkandır”

 

Məlum olduğu kimi, Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlanır. Proqram "Yüksək Texnologiyalar Parkı" MMC tərəfindən hazırlanacaq. Proqramın yaradılmasında məqsəd xarici şirkətlər üçün ölkədə istehsalatın təşkili üçün əlverişli şərait yaradılmasıdır.

Mediaya verilən məlumata görə, proqrama əsasən, xarici şirkətlər sənaye parkları üzrə rezidentlər üçün nəzərdə tutulan bütün güzəştlərdən (vergi və gömrük) istifadə edə biləcəklər. Bildirilir ki, planlara potensial istehsalçıların ölkəyə cəlb olunması daxildir və ölkədə yüksək texnoloji məhsulların istehsalı üçün ən münasib yer isə “Yüksək Texnologiyalar Parkı”dır.

Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı”nın Mingəçevir filialında "Acer" kompüterləri yığılır. İstehsal Azərbaycanın "H-Tech" şirkəti tərəfindən təşkil olunub. Şirkətin dövriyyə kapitalı ilin sonunadək 10 milyon manata qədər artırılacaq.

Xarici investorların ölkəyə cəlb olunması istiqamətində hazırlanan proqram nə dərəcədə effektiv olacaq? Məsələ ilə bağlı ekspertə müraciət etdik. İqtisad elmlər doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, xarici ölkələrdə yüksək texnoloji məhsulların istehsalı ilə maraqlanan investisiya şirkətləri fəaliyyət göstərirlər. Həmin şirkətlər texnoloji məhsulların istehsalı ilə məşğul olan layihələrin axtarışındadırlar: “İnvestisiya şirkətləri bu layihələrin istehsalı ilə məşğul olan şirkəti tapandan sonra bu sahəyə investisiya yatırırlar”.

Həmsöhbətimiz hesab edir ki, investisiya şirkətləri adətən maraqlandıqları layihələri əsasən texnoloji parklar vasitəsilə əldə edirlər: “Sevindirici haldır ki, Azərbaycanda belə park var. “Yüksək Texnologiyalar Parkı”nın xarici investorları cəlb etmək üçün hansı layihələri irəli sürəcəyi maraqlıdır. “Yüksək Texnologiyalar Parkı”nda "Acer" kompyuterləri yığılır. Xarici investorlar istədikləri məhsulu qeyd olunan yerdə istehsal edə bilərlər”.

Günel CƏLİLOVA

Son xəbərlər