17/08/2018 13:44
728 x 90

Azərbaycan dünyanın neft-qaz bazarında əsas oyunçular sırasında...

img

Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 2017-ci ilin sonuna 1 trilyon 482 milyard 773 milyon barrel səviyyəsində olub. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) illik statistik hesabatında deyilir. Qeyd edilir ki, bu göstərici 2016-cı ilin sonuna olan həcmlə, yəni 1 trilyon 488 milyard 785 milyon barrellə müqayisədə 0,4 faiz azalıb.

Qurum ölkəmizin neft ehtyiatları barədə də məlumatları dərc edib. Bildirilir ki, ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. 2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 milyon barrel olub. Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə Ərəbistanı durur.  Azərbaycanın göstərilən həcmdə neft ehtiyatlarına malik olması o deməkdir ki, ölkəmiz hələ uzun müddət dünya neft bazarında əsas oyunçulardan biri olaraq qalacaq. Elə bu səbəbdəndir ki, Azərbaycanla imzalanan neft müqaviləsinin müddəti 2050-ci ilə qədər uzadılıb. Ölkənin gündəlik hasilatının 750 min barrel olması nəzərə alınarsa, Azərbaycan uzun müddət bu hasilat səviyyəsini də saxlaya biləcək və neftdən böyük həcmdə gəlir götürməkdə davam edəcək.

Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il iyun ayının 1-dək təkjc Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 132 milyard 271 milyon dollar gəlir əldə edib. Bu ilin yanvar-may aylarında isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 785 milyon dollar vəsait daxil olub. Xatırladaq ki, bu il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR-la xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

Qarşıdakı günlər ərzində isə neftin qiymətinin yüksələcəyinə dair yeni gözləntilər fonunda neftdən əldə olunan vəsaitlərin miqdarının daha da artması gözlənir.  Qeyd edək ki, iyunun 22-23-də Vyanada OPEK Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEK və OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin doqquzuncu iclası keçiriləcək. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur. Burada neft hasilatının ən azında indiki səviyyədə sabit qalmasına dair razılığın müddətinin daha da uzadılması gözlənir. Bu isə neftin qiymətini yüksəldəcək daha bir vacib amil sayılır.  Belə vəziyyət öz növbəsində Azərbaycanın neftdən gələn gəlirlərinin daha da artması deməkdir. Amma onu da nəzərə alaq ki, Azərbaycan dünya enerji bazarına həm də yeni qaz oyunçusu kimi daxil olmağa hazırlaşır. Bir neçə günə işə düşəcək TANAP ölkəmizə qaz satışından böyük həcmdə gəlir gətirəcək. Onun davamı olan TAP isə bu gəlirlərin daha da artmasına rəvac verəcək.

Məlumat üçün bildirək ki, Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən artıq 2 milyard 506 milyon dollar gəlir əldə edib. Cari ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib. “Cənub Qaz Dəhlizi”nin bütövlükdə işə düşməsi ilə qaz gəlirlərinin həcmi əhəmiyyətli dərəcədə yüksəlmiş olacaq.  Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi”ni ekspertlər  tarixi əhəmiyyətə malik, eyni zamanda regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihə kimi qiymətləndirir. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan öz təbii qazının ildə 16 milyard kubmetrini Avropaya çatdırmağı planlaşdırır. Gələcəkdə isə bu rəqəmi 30 milyard kubmetrə çatdırmaq imkanı var. Dəhlizin qazla təminatına gəldikdə, Azərbaycanda “Şahdəniz-2” yatağında təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatı var. Bundan başqa, reallıqda “Şahdəniz-2” qaz yatağının imkanlarının daha geniş olduğu müəyyənləşib. Əlavə olaraq, “Cənub Qaz Dəhlizi”nin “Asiman” və “Şəfəq” yataqlarının işlənməsindən sonra da qazla təminatını nəzərə alındıqda, bu layihə uzun illər Azərbaycanda istehsal olunan qazın dünya bazarına çatdırılmasına imkan verir. Onu da bildirək ki, qaz artıq neft amili kimi qiymətlərin aşağı və ya yuxarı qalxmasına məruz qalan bir enerji resursu deyil. Qaz müəyyən olunmuş müqavilə qiymətinə satılır və dünya bazarında bu qiymət stabil qalır. Bu da onu deməyə əsas verir ki, gələcəkdə ölkəmizə daxil olan  valyuta da stabil olacaq. Bir sözlə, “Cənub Qaz Dəhlizi” Azərbaycan üçün uzun illər iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən mühüm layihədir. Belə vəziyyət isə qlobal miqyasda ölkəmizə diqqəti daha da yüksəldir.

Tahir TAĞIYEV

Son xəbərlər