28/05/2018 05:23
728 x 90

Ərəb və Mərkəzi Asiya ölkələrində Azərbaycan ərzaqlarının bazarı açılır

Aydın Hüseynov: “Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları orqanik olduğundan, sözügedən məhsullara tələbat böyükdür”

img

“Bununla bağlı varlı ərəb ölkələrinin bazarlarından faydalanmaq olar”

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Xaliq Məmmədov mətbuata açıqlamasında bildirib ki, qurum ərzaq məhsullarının ixracının coğrafiyasını genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, ASC ərəb dünyası ölkələrinə, eləcə də Mərkəzi Asiya ölkələrinə ərzaq məhsullarının ixracına başlamaq niyyətindədir. O bununla bağlı açıqlamasında bir sıra məqamlara toxunub: “Məhsullar əsasən Rusiyaya ixrac olunur, lakin biz yeni ixrac istiqamətləri inkişaf etdirməyə davam edirik. Hazırda biz Birləşmiş Ərəb Əmirliyi, Qətər və digər ərəb ölkələri ilə danışıqlar aparırıq. Bu ölkələrdə Azərbaycan məhsullarına ehtiyac var. Biz həm də Mərkəzi Asiya ölkələrinə ixracatı artırmağı planlaşdırırıq. Məsələn, Türkmənistan 2017-ci ildə Azərbaycandan böyük həcmdə soğan idxal edib. Bu, ixracatçılarımızın uğurudur”.

Qurum rəsmisinin açıqlamasından o da məlum olub ki, Cənubi Koreyaya da Azərbaycan məhsullarını ixrac etmək olar. Lakin bununla bağlı məhsulların sertifikatlaşdırılması problemini həll etmək lazımdır. X.Məmmədov vurğulayıb ki, prioritet ixrac istiqamətlərinin inkişafı Azərbaycan məhsullarına tələbatdan asılıdır: “Azərbaycan məhsullarına tələbatın artırılması məqsədilə digər ölkələrdə bizim məhsulların keyfiyyətinin yaxşılaşdırılması lazımdır. Bundan əlavə, qablaşdırma norma və standartlara uyğun olmalıdır. Bu şərtlərin təmin olunması bizə ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək”.

Qeyd edək ki, 2017-ci ilin sonunadək şirkət 54,9 milyon manat dəyərində ərzaq məhsulları ixrac edib.

O da məlumdur ki, Azərbaycan böyük kənd təsərrüfatı potensialına malikdir. Bir sıra ölkələrdə Azərbaycanın ənənəvi kənd təsərrüfatı məhsullarına ehtiyac var. Bununla yanaşı, yeni bazarların tapılması da vacib məsələdir. Bu baxımdan Mərkəsi Asiya və ərəb ölkələrinə ərzaq məhsullarının ixracı perspektivlərini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bununla bağlı böyük perspektivlər var. O bunu bir sıra iqtisadi amillərlə əlaqələndirdi: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda müasir, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması buna geniş şərait yaradır. Azərbaycanın Avrasiya məkanında nəqliyyat-logistika mərkəzinə çevrilməsi bununla bağlı yeni imkanlar yaradır. Bu, ölkənin ticarət dövriyyəsini artırır. Bu, Orta Asiya və ətraf ölkələrlə iqtisadi əlaqələrin daha da genişlənməsinə, sürətlənməsinə təkan verir. Ona görə də biz bu imkanlardan maksimum bəhrələnməliyik. Hesab edirəm ki, Azərbaycan həmin ölkələrlə çox böyük ticarət əlaqələri quracaq. Çünki buna ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları orqanik olduğundan, sözügedən məhsullara tələbat böyükdür. Bununla bağlı varlı ərəb ölkələrinin bazarlarından faydalanmaq olar. Çünki ərəb ölkələri ərzaq məhsullarına tələbatını əsasən idxal hesabına təmin edirlər. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətli olduğunu nəzərə alsaq, fikrimcə, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmək olar. Azərbaycanda aqrosənayenin inkişaf etdirilməsi ilə bağlı böyük investisiya layihələri həyata keçirilir. Ona görə də bizim başlıca məqsədimiz Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Orta Asiya ölkələrinə, eləcə də digər ölkələrə ixrac olunmasıdır. Bu yöndə də artıq bir sıra işlər həyata keçirilir və yaxın gələcəkdə biz bunun ciddi bəhrəsini görəcəyik”.

Vidadi ORDAHALLI  

Son xəbərlər