16/10/2018 19:20
728 x 90

İranla Azərbaycanın birgə neft şirkəti qurmaq planı reallaşır

İlham Şaban: “Bu memorandum iki tərəf arasında ortaq məxrəcin tapılacağına dair ümidlər yaradır”

img

“Bu strukturun işləməsi Azərbaycanın imkanları daxilindədir”

İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır. Belə ki, İran neft şirkətləri ilə SOCAR birgə layihələr üzərində danışıqlar aparırlar. Bu barədə mətbuata açıqlama verən İranın neft nazirliyi rəsmisi Hüseyn Esmaili Şahmirzadi bir sıra məqamlara toxunub.

Onun sözlərinə görə, son danışıqlar yaxın vaxtlarda yaranacaq İran-Azərbaycan birgə komitəsi tərəfindən keçiriləcək: “Hər iki tərəfin bununla bağlı siyasi iradəsi var. İran prezidenti Həsən Ruhaninin Bakıya son səfəri Tehran və Bakı arasında ortaq neft şirkəti yaratmağa imkan verir. Bu neft və qaz sahəsində qarşılıqlı əməkdaşlığın yeni səhifəsini açdı”.

Məlumat üçün qeyd edək ki, 28 mart 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı tərəflər arasında birgə şirkət yaratmaqla bağlı sənəd imzalanıb. Belə ki, İran və Azərbaycan arasında neft və qazla bağlı imzalana müqavilə Xəzərdə iki blokun istismarını nəzərdə tutur. Xüsusilə müzakirə edilən bloklar arasında Araz-Alov-Şərq yataqlarının adı çəkilir. Onların işlənməsi Azərbaycan və İran arasında Xəzər dənizinin statusu ilə bağlı razılıq əldə olunandan sora həyata keçirələcək.

Ümumən, bu istiqamətdə aparılan danışıqları ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, sözügedən yataq 2001-ci ilin iyul ayından mübahisə predmeti idi: “Azərbaycan İranla siyasi əlaqələri gərginləşdirmək istəmədiyinə görə Xəzərin hüquqi statusunun həllinə kimi bu məsələni dondurmaq qərarına gəldi. Üstündən 17 il keçməsinə baxmayaraq, ikitərəfli münasibətlər çərçivəsində məsələ ilə bağlı heç bir irəliləyiş əldə etmək mümkün olmamışdı. Cari il üçün Rusiya tərəfi Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkənin razılığa gələcəyini anons etsə də, hələlik ciddi nəticə yoxdur. İran prezidentinin Azərbaycana gəlişi zamanı 21-ci əsrdə ilk dəfə olaraq İran-Azərbaycan münasibətləri fonunda Azərbaycanın energetika və İranın neft nazirlikləri arasında Xəzərdə dəniz bloklarının işlənməsinə dair əməkdaşlıq haqda memorandum imzalandı. Bu memorandum iki tərəf arasında ortaq məxrəcin tapılacağına dair ümidlər yaradır. Digər tərəfdən, Xəzərin bölünməsində Azərbaycanın ortaya qoyduğu mövqe su hövzəsinin dibinin orta xətt prinsipi ilə bölünməsidir. İranın Araz-Alov-Şərqdə  iş apara bilməsi üçün texnoloji imkanları yoxdur. Çünki orada olan enerji resursları “Şahdəniz” yatağından da dərində yerləşir. Güman olunur ki, bu dərinlik 7 min metrdir. Orada kəşfiyyat aparmaq həddindən artıq mürəkkəb prosesdir. Ona görə də orada ancaq böyük qazma qurğusuna ehtiyac var. Hansı ki, Azərbaycan bu qurğuya bir milyard dollara yaxın investisiya yatırıb. Ona görə də bu strukturun işləməsi Azərbaycanın imkanları daxilindədir”.

Vidadi ORDAHALLI

Son xəbərlər