16/08/2018 13:52
728 x 90

Azərbaycanla Rusiya kiçik və orta biznesə birgə dəstək layihəsinə başlayır

Fikrət Yusifov: “Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin tarixi kökləri uzağa gedir”

img

“Azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə investisiyalar qoyur və istehsal sahələri yaradırlar”

Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər Birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulub və qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Son illər iki ölkə arasında iqtisadi əlaqələr genişlənir.

Bu arada Moskvada Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovla Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının İdarə Heyətinin sədri Aleksandr Braverman arasında işgüzar görüş keçirilib. Görüş çərçivəsində bir sıra məsələlər müzakirə olunub. Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə toxunan O.Məmmədov qeyd edib ki, bu əlaqələrin qurulmasında maraqlıyıq: “Bu xüsusda bir sıra xarici tərəfdaş qurumlarla, o cümlədən, Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyası ilə sıx əlaqələrin qurulmasında maraqlıyıq”.

Görüşün nəticəsi olaraq, Azərbaycanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Federal Korporasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanmış sənəd kiçik və orta sahibkarlığın tənzimlənməsi və dəstəklənməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq formalarını nəzərdə tutur.

Ümumilikdə, iki ölkənin kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi ilə bağlı razılığa gəlməsinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov buna bir neçə kontekstdən yanaşdı: “Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin tarixi kökləri uzağa gedir. Bu əlaqələrin getdikcə dərinləşməsi və qarşılıqlı investisiya qoyuluşları şəklində inkişaf etdirilməsi isə bu münasibətlərin yeni, daha maraqlı bir müstəviyə qədəm qoymasından xəbər verir. Azərbaycanlı iş adamları bu gün Rusiyada yalnız ticarətlə məşğul deyillər. Onlar artıq çoxdandır ki, Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə investisiyalar qoyur və istehsal sahələri yaradırlar. Bura yüngül və yeyinti sənayesi daxil iqtisadiyyatın əksər sahələrini aid etmək mümkündür. Son zamanlar isə Rusiyada azərbaycanlı iş adamları daha çox tikinti sahəsinə yatırımlar etməyə üstünlük verirlər. Eyni qayda ilə Rusiya iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırımlar etməkdə marağı getdikcə daha da böyüyür. Onlar əsasən aqrar sektorda meyvə-tərəvəz yetişdirilməsinə və bu məhsulların emalı ilə bağlı müəssisələrin açılmasına maraq göstərirlər. Bu da təbiidir. Azərbaycanda yetişdirilən meyvə-tərəvəz öz keyfiyyət göstəriciləri ilə artıq çoxdandır ki, Rusiya bazarlarını fəth edib. Rusiyada bazara gələrkən hər bir adam Azərbaycan məhsulu axtarır. Elə buna görədir ki, son vaxtlar bizim Rusiya bazarlarına ixracımızın həcmi getdikcə artır. Rusiya bazarı həm Azərbaycan məhsullarının keyfiyyət göstəricilərinə verilən qiymət baxımından və həm də bizə daha yaxın bir bazar olduğundan daha çox əlverişlidir. Bu bazarın meyvə-tərəvəzə olan tələbatı isə indi bizim ora ixrac etdiyimiz meyvə-tərəvəzin həcmindən yüz dəfələrlə böyükdür. Bu səbəbdən də rusiyalı iş adamları məhz meyvə-tərəvəz yetişdirilməsi və onun emalına investisiya yatırmağa çalışırlar. Hesab edirəm ki, əldə olunan razılıq kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”.

Vidadi ORDAHALLI

 

Son xəbərlər