28/05/2018 05:20
728 x 90

Bakı dəniz limanlarının təcrübəsi dünyada müraciət olunan nümunələrdən biri kimi...

“Hesab edirəm ki, Bakı limanının nailiyyətləri dünya miqyasında tətbiq oluna bilər”

img

Rəsul Cahangirli: “Çox modern və müasir infrastruktura malik liman kompleksi yaradılıb”

 

Mayın 14-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olub. Məlumat üçün qeyd edək ki, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə 2010-cu ilin noyabrında başlanıb.

2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir.

BBDTLK Azərbaycanı qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmir yolları ilə kəsişir. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmir yolu xətti məhz bu limandan keçir. Bu liman vasitəsilə həm də Qazaxıstan və Türkmənistan nefti Qara və Aralıq dənizi limanlarına çatdırılır. Bu baxımdan limanın əhəmiyyəti böyükdür.

Bu arada Bakıda keçirilən Limanlar üzrə Ümumdünya Konfransında Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) siyasət və strategiya üzrə icraçı direktoru Patrik Verxoven deyib ki, BBDTLK-nin nailiyyətləri dünya miqyasında tətbiq oluna bilər: “Bakıda, demək olar ki, sıfırdan yeni liman yaradılır. Bu, infrastruktura, ekoloji qərarlar, ictimaiyyətlə münasibətlər formatı baxımından çox maraqlı layihədir. Bu, maraqlı fikirlərdir və həmin proqrama daxil edilə bilər. Bakı limanı layihəsi çox maraqlı və innovasiyalıdır. Biz onun təcrübəsini öyrənmək niyyətindəyik”.

Bu baxımdan ekspertlər BBDTLK-nin nailiyyətlərinin dünya miqyasında tətbiq olunmasına, təcrübəsinin öyrənilməsinə necə baxırlar?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Bakı limanı barədə səslənən fikirlər reallığı əks etdirir. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla Bakı limanı çox əlverişli coğrafi mövqedə yerləşir. Hansı ki, bunun çox böyük əhəmiyyəti var. Ölkə daxilindəki 3 beynəlxalq dəmir yolu məhz bu limandan keçir. Həmçinin, bir sıra vacib avtomobil yolları bu limandan keçir. Nəzərə alsaq ki, Azərbaycan çox mühüm nəqliyyat və enerji xətlərinin qovuşduğu bir məkandır, o zaman bu limanın perspektivi daha böyükdür. Bununla yanaşı, onu da xüsusi qeyd etmək istəyirəm ki, sözügedən limanın tikintisi zamanı ən müasir texniki vasitələrdən istifadə olunub. Bunun sayəsində çox modern və müasir infrastruktura malik liman kompleksi yaradılıb. Faktiki olaraq limanın tikintisi zamanı ötən 8 ildə çox böyük işlər həyata keçirilib. Tikinti zamanı elmi-texniki tərəqqinin ən son nailiyyətləri tətbiq olunub. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Bakı limanının nailiyyətləri dünya miqyasında tətbiq oluna bilər. Fikrimcə, sadalanan amilləri nəzərə alsaq, ümumən bu çox müsbət səmərə verəcək. Çünki həqiqətən də ötən dövr ərzində görülən işlər sayəsində müasir tələblərə cavab verən liman kompleksi yaradılıb”.

Vidadi ORDAHALLI 

Son xəbərlər