16/08/2018 13:51
728 x 90

Valyuta ehtiyatlarının xarici borcdan 5 dəfə çox olması Azərbaycan üçün hansı güc üstünlüyüdür…

“Valyuta ehtiyatlarının xarici borcdan bir neçə dəfə yüksək olması Azərbaycan iqtisadiyyatının güzgüsüdür”

img

Fikrət Yusifov: “Valyuta ehtiyatlarının artımı gələcəkdə Azərbaycanda maliyyə sisteminin dayanıqlı olmasına, eyni zamanda, milli valyutanın sabit qalmasına xidmət edəcək”

 

“Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”. Bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Maraqlıdır, valyuta ehtiyatlarımızın xarici borcdan 5 dəfə böyük olması Azərbaycan üçün nə kimi üstünlüklər vəd edir?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, valyuta ehtiyatlarının artması Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir: “Valyuta ehtiyatlarının xarici borca nisbətən böyük olması vəziyyəti xarakterizə edən göstəricidir. Son zamanlar Azərbaycanın valyuta ehtiyatları artmaqda davam edir. Bunun da ilk səbəbi dünya bazarında neftin satış qiymətinin artması ilə bağlıdır. Bəllidir ki, Azərbaycan böyük neft ixracatçılarından biridir. İxracatımızın böyük bir hissəsini neft təşkil edir. Bu səbəbdən də Azərbaycanın valyuta ehtiyatları 44 milyardı keçib. İlin sonuna kimi valyuta ehtiyatlarının təxminən 50 milyardı ötməsi gözlənir”.

Həmsöhbətimizin sözlərinə görə, valyuta ehtiyatlarının xarici borcdan bir neçə dəfə yüksək olması Azərbaycan iqtisadiyyatının güzgüsüdür: “Məlumat üçün bildirim ki, Azərbaycanın valyuta ehtiyatları ümumdaxili məhsuldan da yüksəkdir. Bu ehtiyatın artımı gələcəkdə Azərbaycanda maliyyə sisteminin dayanıqlı olmasına, eyni zamanda, milli valyutanın sabit qalmasına xidmət edəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər