16/08/2018 13:51
728 x 90

İran əleyhinə yeni sanksiyalar dünya neft qiymətlərində necə əks olunacaq...

“ABŞ Prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir”

img

Vüqar Bayramov: “Qiymətlərin konkret olaraq hansı həddə qədər bahalaşacağını demək çətindir, amma bahalaşma bir müddət davam edəcək”

 

Məlum olduğu kimi, ABŞ Prezident Donald Trampın birtərəfli qaydada İranla nüvə sazişindən çıxdığını elan etməsi böyük müzakirələrə səbəb olub. ABŞ Prezidenti bildirib ki, İrana qarşı “ən sərt sanksiyaları” bərpa edir.

Trampın bəyanatından az sonra Maliyyə Nazirliyi izah edib ki, İrana qarşı sanksiyaların bərpa edilməsi üçün 90-180 gün vaxt lazım gələcək. 90 günlük müddət avqustun 6-da başa çatacaq və həmin gündən etibarən İrana dollar satılmasına, bu ölkə ilə qızıl ticarətinə, Tehrana qrafit, aliminium, polad, kömür və istehsalat üçün proqram təminatının satışına qadağa qoyulacaq. Habelə İran valyutasının və bu ölkənin suveren borcunun əldə edilməsi, İran xalçalarının və ərzaq məhsullarının ABŞ-a idxalı qadağan ediləcək.

180 günlük müddət noyabrın 4-də başa çatır və həmin tarixdən İranın gəmiçilik və gəmi tikintisi sektoruna sanksiyalar qoyulacaq, bu ölkənin dövlət şirkətləri ilə neft və neft-kimya tranzaksiyaları məhdudlaşdırılacaq. Bundan əlavə, Vaşinqton yenidən xarici bankların İran Mərkəzi Bankı ilə əməkdaşlığını qadağan edəcək, habelə bu ölkəyə istənilən maliyyə xidmətlərinin göstərilməsinə qadağa qoyulacaq. İranın energetika sektoru da sanksiyaların təsiri altına düşəcək. ABŞ prezidenti Trampın İranla nüvə sazişini ləğv etməsi qərarının dünya bazarında neftin qiymətinə necə təsir edəcəyi bu gün ən aktual məsələlərdən biridir. Belə ehtimallar var ki, ABŞ-a çox yaxın olan Səudiyyə Ərəbistanı bazara daha çox neft çıxarmaqla bahalaşmanın qarşısını alacaq. Ancaq məlum qərardan sonra dünya bazarında neftin qiyməti bahalaşır. Bunun nə vaxta qədər davam edəcəyi maraq doğuran məsələlərdəndir. Bir sözlə, Trampın məlum qərarı neftin qymətinə necə təsir edəcək?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, məlum qərar neftin qiymətini daha da artıracaq: “Artıq İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barrelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barrelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. ABŞ Prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir. Belə ki, ötən il 2.13 milyon barrel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında neft nəqlini gündəlik 500 min barrel azaltması təhlükəsi var. Bu, iqtisadi baxımdan neftin hər barrelində 6 dollar artım deməkdir. Sanksiyalar fonunda, gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barrel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hissediləcək səviyyədə azalması demək olacaq. Qiymətlərin konkret olaraq hansı həddə qədər bahalaşacağını demək çətindir, amma bahalaşma bir müddət davam edəcək. Digər tərəfdən, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah satışı müqaviləsi imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır. Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barrelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir. İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir. Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. Neftin 2018-ci ildə bir barrelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxilolmalarının artması baxımından vacibdir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər