16/08/2018 13:52
728 x 90

Avronun manata görə ucuzlaşması nə vaxta qədər davam edəcək...

“Avronun manata görə məzənnəsinin dəyişməsi müvəqqəti prosesdir”

img

Pərviz Heydərov: “Manatın avroya görə dəyər qazanması iqtisadi məsələlərlə deyil, dollarla bağlıdır”

 

Son günlər dünyanın aparıcı valyutalarından biri olan avronun məzənnəsində ucuzlaşma qeydə alınır.  Avrozonanın vahid valyutasının məzənnəsi ötən gün 0.33 faiz - 2.0185 manat səviyyəsində olub. Bu da avronun 2017-ci ilin 26-27 noyabr məzənnəsinə qədər geriləməsi deməkdir.

Ekspertlər avronun ucuzlaşmasının daha çox Avropa Mərkəzi Bankının pul siyasəti ilə bağlı olduğunu düşünürlər. Onların fikrincə, avronun dollara nisbətdə ucuzlaşmasının səbəbi FED-in faiz dərəcəsini qaldırması və insanların dolların alışına meylli olmasıdır.

Qeyd edək ki, avronun manata görə ucuzlaşması artıq neçə müddətdir davam edir. Maraqlıdır, bu proses nə vaxta qədər davam edə bilər?

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, avronun manata münasibətdə məzənnəsi birbaşa olaraq müəyyən olunmur. Bəllidir ki, Azərbaycanın valyuta bazarında manatın dəyərini əsasən ABŞ dolları müəyyən edir: “Çünki Azərbaycanda ixrac məhsulu sayılan neft dollarla satılır və ölkəyə daxil olan valyutanın böyük bir qismi məhz həmin valyutadır. Bu səbəbdən də manatın digər valyutalarla nisbətdə məzənnəsi əsas etibarilə ABŞ dolları vasitəsilə müəyyən olunur. Son günlər manatın Avropa valyutasına görə möhkəmlənməsinə gəlincə, deyə bilərəm ki, bu da ABŞ-la bağlı olan məsələdir. Beynəlxalq maliyyə bazarlarında aparıcı valyutalar arasındakı kursa diqqət yetirsək, son günlər ABŞ dollarının nisbətən möhkəmlənməsinin şahidi olarıq. Xatırladım ki, bir müddət öncə dollar dəyərini itirirdi. Eyni zamanda, FED-in ardıcıl olaraq uçot dərəcəsi qaldırmasının təsirindən qaynaqlanaraq, ABŞ valyutası möhkəmlənməkdə idi. Bunun Ağ Ev administrasiyası tərəfindən yaxşı hal olmadığı qeyd edildikdən sonra tendensiya dəyişdi və dolların möhkəmlənməsi prosesi dayandı”.

Həmsöhbətimizin sözlərinə görə, son günlər dolların məzənnəsində möhkəmlənmə tendensiyası müşahidə olunması ilə əlaqədar olaraq avronun ucuzlaşmasının şahidi oluruq. Manatın da avroya görə dəyər qazanması iqtisadi məsələlərlə deyil, dollarla bağlıdır: “Bu il ərzində ABŞ valyutasının o qədər ciddi şəkildə möhkəmlənəcəyi gözlənilmir. Digər tərəfdən, Avropa Birliyi ölkələrinin iqtisadiyyatında vəziyyət qənaətbəxşdir. Bu səbəbdən hesab edirəm ki, dolların möhkəmlənməsinin çox davam edəcəyi gözlənilmir. Bu müvəqqəti bir prosesdir”.

Günel CƏLİLOVA

Son xəbərlər