27/04/2018 03:13
728 x 90

Xarici valyuta regionda əksər dövlətlərin milli pulunu dəyərdən salır, tək Azərbaycan manatından başqa...

Aydın Hüseynov: “Ölkədə aparılan dayanıqlı iqtisadi siyasət və eləcə də ixrac potensialının artması manatın məzənnəsinin sabit qalmasına öz müsbət təsirini göstərir”

img

 “Azərbaycanın konkret olaraq iqtisadi konsepsiyası və strategiyası mövcuddur”

 

Son vaxtlar Azərbaycanla qonşu olan ölkələrdə dolların məzənnəsi xeyli bahalaşıb. Təkcə son üç gündə qonşu Rusiya və Türkiyədə dolların bahalaşması müşahidə olunub. Bunun ardınca isə daha bir qonşu ölkədə - Qazaxıstanda dollar bahalaşması baş verdi. Dolların bahalaşmasına əsas səbəb ABŞ-ın bir qrup rusiyalı oliqarxa, məmura və şirkətə qarşı tətbiq etdiyi sanksiyaların təsiri oldu ki, məhz bundan sonra Rusiya rublu, ardınca isə qazax təngəsi də dəyər itirməyə başlayıb. Məsələ ondadır ki, ABŞ-ın son sanksiyaları daha ağrılı və tutarlı oldu, bu, birjalarda və valyuta bazarında ciddi təlatümlər yaratdı. Ona görə də bu proses daha da sürətlənə, rubl daha çox dəyərdən düşə bilər. Rusiya hökumətinə rublun ucuzlaşması sərf edir, valyuta ehtiyatlarına qənaət etməyə imkan yaradır, ixracatı stimullaşdırır, daxili istehsala təkan verir, amma bu proses panikaya dönsə, Rusiyanın bütün maliyyə sistemi çökə bilər.

Türkiyədə lirənin dəyərdən düşməsi də diqqəti cəlb edir. Türkiyənin son zamanlar Suriyada apardığı əməliyyatlar müvəqqəti olaraq investorları ölkədən pulunu çəkməyə sövq etdi, onlar qiymətli kağızlarını və aktivlərini dollara çevirib ölkədən çıxarmağa başladılar. Həmçinin, Türkiyə hökuməti geniş təşviq proqramları qəbul edib. Bu da ölkəyə idxalı, ticarət balansında mənfi saldonu artırır. Beləliklə, hər iki ölkədə milli valyutanın dəyərdən düşməsinin əsas səbəbi siyasi və idarəetmə risqləri, xarici siyasətdə atılan addımlarla əlaqələndirilir.

Diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar dəyərdən düşsə də, Azərbaycanda dolların məzənnəsi sabit qalıb. Faktiki olaraq manatın dollar qarşısında ucuzlaşması üçün real əsaslar yoxdur və təhlillər göstərir ki, hələ uzun zaman olmayacaq. Bütün bunlar nəyin göstəricisidir və ümumən ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu, Azərbaycanda aparılan düzgün iqtisadi siyasətin göstəricisidir: “Reallıq ondan ibarətdir ki, qonşu ölkələrin milli valyutaları dəyərsizləşdiyi halda, Azərbaycanda belə proses baş vermir. Birinci növbədə bu ondan irəli gəlir ki, Azərbaycan Respublikası doğrudan da müstəqil iqtisadi siyasət həyata keçirir. Yəni ölkə iqtisadiyyatı hər hansı bir təzyiqlər altında deyil və bununla bağlı risqlər yoxdur. Ölkənin özünün konkret olaraq iqtisadi konsepsiyası və strategiyası mövcuddur. İkinci bir tərəfdən, qonşu ölkələrdə baş verən proseslər iqtisadi amillərdən daha çox siyasi amillərdən qaynaqlanır. Məhz siyasi faktorlar qonşu ölkələrdə bu və ya digər dərəcədə milli valyutaların dəyərsizləşməsinə öz təsirini göstərir. Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi ölkənin maraqlarını qorumaqdır. Bununla bağlı vətəndaşların təhlükəsizliyini təmin edən bir siyasət həyata keçirilir. Digər tərəfdən isə ölkədə aparılan düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanın ixrac potensialı artır. Bununla yanaşı, ölkənin valyuta ehtiyatları artır. Bütün bunlarla yanaşı, bir faktoru da nəzərə almalıyıq ki, neftin dünya bazarındakı qiymətində artım müşahidə olunur. Sözügedən amillər də milli valyutanın sabit qalmasına öz təsirini göstərir. Onu da nəzərə almalıyıq ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Ölkə ixracında qeyri-neft sektorunun payı ilbəil artmağa doğru gedir. Sadalanan faktorları nəzərə alanda görürük ki, ölkədə aparılan dayanıqlı iqtisadi siyasət və eləcə də ixrac potensialının artması manatın məzənnəsinin sabit qalmasına öz müsbət təsirini göstərir”.

Vidadi ORDAHALLI

Son xəbərlər