24/09/2018 18:07
728 x 90

Azərbaycanın xarici ticarətində müsbət saldo 10 faiz artdı…

“Neftin qiymətinin dünya bazarında qalxması da ticarət balansımızın müsbət saldosunun ötən illə müqayisədə artmasına səbəb olub”

img

Fikrət Yusifov: “Bütün bu göstəricilər onu təsdiqləyir ki, ölkə iqtisadiyyatında ciddi artımların başlanğıc dövrü yaşanır”

 

Məlumatlara görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 faiz artıb. Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla 146 ölkə ilə 5 546 139,38 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur.

Məlumata görə, ticarət dövriyyəsinin 60,49%-ni və ya 3 355 033,87 min dollarını ixrac, 39,51%-ni və ya 2 191 105,51 min dollarını idxal əməliyyatları əhatə edib. Beləliklə, 2018-ci ilin ilk rübündə 1 163 928,36 min dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xatırladaq ki, 2017-cı ilin ilk 3 ayında xarici ticarət dövriyyəsi 4 119 079,75 min dollar, o cümlədən ixrac 2 606 306,06 min dollar, idxal 1 512 773,69 min dollar təşkil edib. Ticarət dövriyyəsinin müsbət saldosu 1 093 532,37 min dollar olub. Nəticədə 2018-ci ildə xarici ticarət dövriyyəsində 1 427 059,63 min dollarlıq, yaxud 34,65%, ixracda 748 727,81 min dollar və ya 28,73%, idxalda 678 331,82 min dollar, yaxud 44,84% artım qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 10% artıb.

I rüb ərzində Azərbaycandan 1691 çeşiddə mal ixrac olunub, ölkəyə 6 033 çeşiddə mal idxalı reallaşıb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun 10 faiz artması barədə fikir bildirən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, son illər ölkə iqtisadiyyatında baş verən artımla bağlıdır: “Xüsusi olaraq qeyd etmək lazımdır ki, ümumi iqtisadiyyatımızda neft amili hələ ki, aparıcı qüvvədir. Neftin qiymətinin dünya bazarında qalxması da ticarət balansımızın müsbət saldosunun ötən illə müqayisədə artmasına səbəb olub.

Ümumiyyətlə, ölkə iqtisadiyyatı cari ilin birinci rübündə 2,3 faiz artıb: “Ötən ilin birinci rübü ilə müqayisədə ticarət dövriyyəsi 26, xarici tricarət dövriyyəsi 31 faiz yüksələ bilib. Eyni zamanda, qeyri-neft sektorunun ixracı da ötən ilin analoji dövru ilə müqayisədə 37 faiz artıb. Bütün bu göstəricilər onu təsdiqləyir ki, ölkə iqtisadiyyatında artıq ciddi artımların başlanğıc dövrü yaşanır. Nəticədə xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 faiz artıb”.

Günel CƏLİLOVA

Son xəbərlər