12/12/2018 19:31
728 x 90

Bölgələrə çəkilən dəmir yolları Azərbaycan turizminin inkişafında nə rol oynayacaq...

img

Çingiz İsmayılov: “Bölgələrə dəmir yolu xəttinin çəkilməsi tək turizmin inkişafına deyil, eyni zamanda, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”
Vüqar Bayramov: “Dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi həm də real sektorun inkişafına müsbət təsir göstərəcək”

 

“Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. Bu barədə qurumun sədri Cavid Qurbanov media nümayəndələrinə açıqlamasında məlumat verib. O qeyd edib ki, eyni zamanda, Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir.

Qəbələ və Qusar rayonuna dəmir yolu xəttinin çəkilməsi turizmin inkişafına necə təsir edəcək?  Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov bu barədə “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Dəmir yolu nəqliyyatının inkişafı ölkənin iqtisadi inkişafını əks etdirən vacib göstəricilərdən biridir. Azərbaycanın iqtisadi inkişafı imkan verir ki, bölgələrə də dəmir yolu xətti çəkilsin. Nəzərə almaq lazımdır ki, mövcud olan dəmir yolu şəbəkəsi Sovet dövrundən qalıb, ancaq biz indi yeni dəmir yolu xətləri çəkirik. Yeni çəkilən dəmir yolu xətləri yeni istiqamətlər üzrə hərəkət edəcək”.

Həmsöhbətimizin fikrincə, paytaxtdan bölgələrə dəmir yolu xəttinin çəkilməsi təqdirəlayiqdir. Bu tip dəmir yolu xətlərinin çəkilməsi iqtisadi əsaslandırma tələb edir. Tələbat olduqca, sərnişin və yük daşımalarına ehtiyac yarandığı üçün, bölgələrə dəmir yolu xəttinin çəkilməsi vacibdir: “Onu da demək lazımdır ki, bölgələrə dəmir yolu  xəttinin çəkilməsi tək turizmin inkişafına deyil, eyni zamanda, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirdi ki, turizmin inkişafı eyni zamanda nəqliyyatın inkişafı ilə bağlıdır: “Nəzərə almaq lazımdır ki, son illər ərzində Azərbaycanda nəqliyyatın sürətli inkişafı müşahidə olunur. Bu da turistlərin ölkə daxilində sərbəst və daha tez hərəkət etməsi baxımından vacib amildir.

Əvvəllər Azərbaycanda turistik bölgələrə dəmir yolu xətti yox idi. Buna görə də turistlər daha çox avtomobil nəqliyyatından istifadə etməyə üstünlük verirdilər. Lakin nəzərə alaq ki, dəmir yolu nəqliyyatı turistlər üçün daha cəlbedicidir. Dəmir yolu xəttindən istifadə etməklə ölkələrarası turizmdən də yararlanmaq mümkündür. Həmçinin, qatar xərcləri digər nəqliyyat növlərinə nisbətən daha ucuzdur.

Bundan başqa, dəmir yolundan istifadə etməklə yolboyu turistik əraziləri də müşahidə edə biləcəklər. Bunun üçün dəmir yolu xətti boyunca dayanacaqlar müəyyənləşdirilməlidir. Bu zaman turistə dayanacaqlarda həmin ərazilərlə tanış ola bilmək imkanı yaranacaq. Yəni göstərilən ərazilərə dəmir yolu nəqliyyatının fəaliyyətə başlaması həm daxili turizmin inkişafına təkan verəcək, həm də ölkəyə gələn xarici turistlərin sayına müsbət təsir göstərəcək. Dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi həm də real sektorun inkişafına müsbət təsir göstərəcək. Onu da nəzərə alaq ki, şimal istiqamətinə turistlərin marağı artıb”.

Günel CƏLİLOVA

Son xəbərlər