19/07/2018 05:46
728 x 90

Mərkəzi Bankla Vergilər Nazirliyi nağdsız ödənişlərlə bağlı yenilik etdi…

“Nağdsız hesablaşmaların dəstəklənməsi çox vacibdir”

img

Vüqar Bayramov: “İşçi qrupunun yaradılması nağdsız hesablaşmaların dövriyyəsinin genişləndirilməsinə daha sistemli yanaşmanın nümayiş etdirilməsinə imkan verəcək”

 

Xəbər verildiyi kimi, Mərkəzi Bank və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıblar. Bu barədə media nümayəndələrinə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, cari ildə AMB tərəfindən 3 layihə həyata keçiriləcək: “Nağdsız Azərbaycan proqramı bizim ciddi proqramlarımızdan biridir. Bildiyiniz kimi, Mərkəzi Bank cari ildə 3 böyük proqram reallaşdıracaq. Bunlar “Ani ödənişlər", “Nağdsız Azərbaycan" və “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramlarıdır. Hər üç layihə irəliləyir. Biz qoyulan hədəflərə doğru irəliləyirik. Hazırda tədbirlər planı reallaşdırılır. Biz bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə çox aktiv əməkdaşlıq edirik. “Nağdsız Azərbaycan" proqramının reallaşdırılması bütövlükdə ölkədə monetar sferanın idarə olunması, pul kütləsinə monetar nəzarətin həyata keçirilməsində, həm də vergi sistemində artıq başlanmış və nəzərdə tutulmuş geniş islahatlar proqramının həyata keçirilməsində mühüm rol oynayacaq. Ona görə biz Vergilər Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. "Nağdsız Azərbaycan" proqramı üzrə əsas tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər planına uyğun birlikdə işlər görülüb və tədbirlər planına uyğun olaraq biz irəliləyəcəyik”.

Mərkəzi Bank və Vergilər Nazirliyinin nağdsız ödənişlərlə bağlı birgə işçi qrupu yaratmasına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Nağdsız hesablaşmaların dəstəklənməsi çox vacibdir. Çünki nağdsız hesablaşmalar büdcədən yayınmanın qarşısını alır. Eyni zamanda, nağd vəsaitlərin dövriyyəsinin məhdudlaşdırılmasına imkan verir. Nəzərə almaq lazımdır ki, 2017-ci ildən etibarən nağdlı hesablaşmaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı bir sıra addımlar atılıb. Eyni zamanda, nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi və təşviq olunması həm də sahibkarlığın inkişafı prinsiplərinə uyğunlaşdırılmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda vəsaitin nağdlaşdırılması ilə bağlı məhdudiyyətlər var: “Bu baxımdan hesab edirəm ki, vəsaitlərin nağdlaşdırılması ilə bağlı dövriyyənin müəyyənləşdirilməsi, mülkiyyətin növünə və vəsaitin yaranma mənbəyinə görə dövriyyələrin differensial olaraq həyata keçirilməsi müəyyən olunmalıdır”.

V.Bayramovun fikrincə, nağdsız hesablaşmalarla bağlı işçi qrupunun yaradılması müsbət haldır. Birgə işçi qrupunun yaradılması istənilən nəticələrin əldə olunmasına səbəb olacaq: “İşçi qrupunun yaradılması nağdsız hesablaşmaların dövriyyəsinin genişləndirilməsinə daha sistemli yanaşmanın nümayiş etdirilməsinə imkan verəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər