19/07/2018 06:07
728 x 90

Son ayların daha bir diqqətçəkən hadisəsi – dollara tələbat artır, prosesin gələcəyində nə var...

“Bu, bazarda əlavə tələb formalaşdıra və manata qarşı təzyiqləri artıra bilər”

img

Rəşad Həsənov: “Ancaq neftin baha olması ümumilikdə bu risqləri azaldır”

 

Dünyada gedən siyasi proseslər qlobal iqtisadiyyata da təsirsiz ötüşmür. Nəticədə dünya iqtisadiyyatında bəzi təbəddülatlar yaşanır. Bu da, öz növbəsində, ölkələrin milli valyutalarına təsir göstərir. Azərbaycan dünyanın bir hissəsi olduğu üçün baş verənlər ölkə iqtisadiyyatına da müəyyən təsir göstərir.

Bəzi ekspertlərin fikrincə, ilin sonuna qədər Azərbaycanda dollara tələbat sürətlə artacaq. Onlar bunu onunla əlaqələndirirlər ki, ölkədə son 3 ayda dollara tələbin artması müşahidə edilir. Məsələ ondadır ki, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb. Bu isə Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub. Fondun açıqlamasına görə, cari ilin 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 faiz, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb.

Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 21,7 faiz ), martda isə 647 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 77.7 faiz) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində Fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdısa, bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib. Xarici valyutaya tələbin artması valyutadəyişmə məntəqələrində də milli valyutanın kursunun cüzi olsa da azalmasına səbəb olub. Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib. O da iddia edilir ki, Rusiya rublunun və Türkiyə lirəsinin dəyərdən düşməsi də Azərbaycanda dollara tələbatın artmasına təkan verəcək.

Bütün bu deyilənlərin fonunda, Azərbaycanda dollara tələbatın sürətlə artması nə ilə nəticələnəcək və bu nəyə aparır?

Sözügedən məsələni “Bakı-Xəbər” şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bir sıra məqamlara toxundu: “Dollara tələbatın artmasını şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, ilin birinci rübündə ölkədə idxal yarım milyard dollar artıb. Eyni zamanda, həmin dövrdə Neft Fondu tərəfindən satılan valyutanın həcmi də o qədər olub. Dollara tələbatın artmasına bir neçə faktor təsir göstərir. Birinci faktor onunla bağlıdır ki, dolların məzənnəsində son 8-9 ayda müşahidə edilən sabitlik gözləmə mövqeyində olan investorları, iqtisadi subyektləri, vətəndaşları artıq yığım mövqeyindən vəsaiti xərcləmə mövqeyi tutmağa yönəldib. Bu da, öz növbəsində, ölkədə iqtisadi aktivliyi artırıb. İkinci faktor dövlət büdcəsi vəsaitləri hesabına idxala qoyulan məhdudiyyətin ötən ilin sonlarında başa çatması buna öz təsirini göstərib. Statistik rəqəmlərə baxsaq görərik ki, bu ilin 2 ayı ərzində dövlət büdcəsi hesabına ölkəyə idxal olunan məhsulların, mal və xidmətlərin həcmi 3 dəfə artıb. Büdcə xərcləmələrinin 3 milyard manat artması da buna öz təsirini göstərir. Bütün bunların dövriyyəyə daxil olması əlavə valyuta tələbi formalaşdırır. Özəl sektorun da idxalında artımlar baş verir. Bu da tələb və təklifə təsir göstərir. Eyni zamanda, Mərkəzi Bank bu il ərzində 2 dəfə uçot dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edib. Bu isə nisbətən yumşaq pul siyasətinin həyata keçirilməsinə bir mesajdır. Proses davam edəcəksə, növbəti dövrlərdə milli valyutaya tələb azalacaq. Nəticədə banklar öz vəsaitlərini xarici valyutada saxlamağa üstünlük verəcəklər. Dolların manat qarşısında ucuzlaşması gözlənilmir. Çünki bununla bağlı bütün bazar təzyiqləri MB tərəfindən neytrallaşdırılır. Dolların sabit qalma ehtimalı isə daha yüksəkdir. Ancaq bununla yanaşı, Azərbaycanın iqtisadi tərəfdaşı olan əsas ölkələrdə baş verənlər gedən proseslərə öz təsirini göstərə bilər. Yəni Rusiya və Türkiyədə milli valyutaların sürətlə dəyərsizləşməsi Azərbaycan üçün xarici təzyiqləri artıran faktorlardan birinə çevrilir. Bu fonda müəyyən qədər dolların ucuzlaşması ehtimalı var. Ona görə də banklar üçüncü ssenarini nəzərə alaraq öz yığımlarında xarici valyutanın həcmini artıra bilərlər. Bu da bazarda əlavə tələb formalaşdıra və manata qarşı təzyiqləri artıra bilər. Ancaq neftin baha olması ümumilikdə bu risqləri azaldır. Lakin, istənilən halda, bazarı proqnozlaşdırmaq çox çətindir. Bu isə hər hansı bir gözlənilməz qərarın olması ehtimalını müəyyən qədər gündəmə gətirir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər