20/09/2018 05:34
728 x 90

Ölkənin ərzaqla daxili istehsal hesabına təminatı sahəsində son illərin böyük dəyişiklikləri…

“Kənd təsərrüfatının emal sənayesinə yönəlmiş tədbirlər ölkənin qida məhsulları ilə təmin olunmasına hesablanıb”

img

Qadir Bayramlı: “Yerlərdə fermerlərin işlərinə müdaxilə edilməməsi ərzaq məhsullarının istehsalının artmasına səbəb ola bilər və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayar”

 

Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması dövlətimizin iqtisadi strategiyasının əsas hədəflərindən biridir. Kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərindəndir.

Ona görə də uzun illərdir aparılan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması və toxumçuluğun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Görülmüş işlərin nəticəsidir ki, son illər aqrar sahənin inkişafında uğurlu nəticələr qazanılıb.

Ümumiyyətlə, bu gün Azərbaycan bir sıra mühüm ərzaq məhsulları ilə daxili istehsal hesabına ya özünü tam təmin edir, ya buna yaxındır. Məlumatlara görə, əksər kənd təsərrüfatı məhsulları istehsalına görə ölkəmiz özünü təmin edir. Hazırda bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Maraqlıdır, son illər ölkəmiz daxili istehsal hesabına ərzaqla təminat sahəsində hansı irəliləyişlərə nail olub? Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir: “Kənd təsərrüfatının emal sənayesinə yönəlmiş tədbirlər ölkənin qida məhsulları ilə təmin olunmasına hesablanıb. Məlumdur ki, ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Hətta Sahibkarlığa Milli Kömək Fondunun portfelinin 60-70 faizi də aqrar məhsulların emal sənayesinə yönəldilib. Bunların ölkənin daxili istehsalında müəyyən rolu var. Ancaq bununla yanaşı, süd məhsullarının bir hissəsi, bəzi meyvə-tərəvəz idxal olunur”.

Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycanda yetişdirilən buğda heyvani yem olaraq istifadə olunur. Çörək bişirmədə istifadə olunan un idxal buğdadan əldə olunur: “Ölkədə yerli sərt buğdanı üyüdən dəyirmanlar şəbəkəsi olarsa, yerli buğdanın xeyli hissəsini un istehsalında istifadə etmək olar. Bu günə olan tələb yerli məhsul hesabına ödənilmiş olar”.

Q.Bayramlının sözlərinə görə, ət, süd və meyvə, tərəvəz istehsalını artırmaq üçün öncə kənd təsərrüfatında intensiv təsərrüfat üsüllarına keçilməlidir: “Bitkiçilik və heyvandarlıq sahəsində məhsuldarlıq yüksəldilməlidir. Qış mövsümündə istixanaların sayını və effektivliyini artırmaq lazımdır. Belə olarsa, bu, tərəvəz istehsalına öz töhfəsini verər. Bundan savayı, aqrosənaye inkişaf etdirilməlidir. Orta və kiçik sahibkarlara emal sənayesində müəyyən yardım göstərilməlidir.

Həmçinin, fermerlərin bazara çıxışı asanlaşdırılmalı, kənd təsərrüfatına yanaşma tərzi dəyişdirilməlidir. Yerlərdə fermerlərin işlərinə müdaxilə edilməməsi ərzaq məhsullarının istehsalının artmasına səbəb ola bilər. Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayar”.

Günel CƏLİLOVA

Son xəbərlər