21/06/2018 19:43
728 x 90

Xaricdən mebel idxalı 16 faiz artıb, milli mebel istehsalçılarımız necə işləyir...

“Azərbaycana idxal olunan mebelin həcmi və miqdarı 2013-2014-cü illərlə müqayisədə xeyli aşağıdır”

img

Rəşad Həsənov: “Mebel idxalı artımını şərtləndirən əsas məsələ son zamanlar gömrük sistemində şəffaflığın artırılması ilə bağlı həyata keçirilən tədbirlərdir”

 

Qeyri-neft sektorunun inkişafı ölkə siyasətinin aparıcı istiqamətlərindən biridir. Qeyri-neft sektorunun əsas sahələrindən birini də mebel sənayesi təşkil edir. Mebel sənayesinin inkişafı istiqamətində ölkədə müəyyən işlər görülür. Ölkədə müxtəlif adlarla mebel fabrikləri fəaliyyət göstərir. Həmin fabriklərdə çeşid-çeşid mebel istehsal olunur.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev birmənalı şəkildə bütün dövlət qurumları və vətəndaşların yerli istehsal məhsullarından istifadə etməli olduqlarını bildirib. Yerli istehsalın inkişafı məqsədilə dövlət tərəfindən görülən işlərin nəticə verməsi üçün hər bir vətəndaşın də aktiv olmasını bildirib.

İlham Əliyev çıxışı zamanı dövlət qurumlarına səslənmişdi: “İndi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır? Bizdə gözəl mebel istehsal olunur. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər”.

Prezidentin məlum çıxışından sonra bu sahədə vəziyyət necə oldu? Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 13,447 mln. ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. Bu isə ötən ilin müvafiq dövründən 15,9 faiz, yaxud da 1,842 mln. dollar çox olub.

İqtisadçı-ekspert Rəşad Həsənov məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda ölkənin istehlak gücü 2014-cü ilin əvvəli ilə müqayisədə xeyli aşağı düşüb: “Faktiki olaraq mebelin idxalını artıracaq hansısa detalları müşahidə etmək çətindir. Ola bilsin ki, dövlət sifarişi əsasında irihəcmli alış prosesi həyata keçirilib və bu, statistik göstəricilərə təsir göstərib. Hesab edirəm ki, artımı şərtləndirən əsas məsələ son zamanlar gömrük sistemində şəffaflığın artırılması ilə bağlı həyata keçirilən tədbirlərdir. Əvvəlki dönəmlərdə bu məhsulların böyük əksəriyyəti qeydiyyata alınmırdı. Ancaq hazırda isə qeydiyyata alınma prosesi xeyli şəffaflaşıb. Bu hal statistik göstəricilərə öz təsirini göstərib. Buna baxmayaraq, Azərbaycana idxal olunan mebelin həcmi və miqdarı 2013-2014-cü illərlə müqayisədə xeyli aşağıdır”.

Günel CƏLİLOVA

Son xəbərlər