13/12/2018 18:06
728 x 90

Maliyyə sabitliyinə görə Azərbaycanı ən mötəbər dünya reytinqlərinə aparan əsas məqamlar…

Manata inam bərpa olunub, milli valyutaya tələb artır…

img

Ölkənin maliyyə bazarında son vəziyyətin təhlili burada tamamilə yeni bir vəziyyətin formalaşmaqda olduğunu, yaxın illər ərzində xarici valyutalara nisbətdə manatla əməliyyatların miqdarının əhəmiyyətli dərəcədə artacağını göstərir. Məhz bütün bunların nəticəsidir ki, hazırda bank sektorunda da manat əməliyyatlarının həcmi ötən dövrlərlə müqayisədə indi xeyli çoxalıb. Bütün bunlar həm də onun göstəricisi hesab edilir ki, manata inamın bərpa edilməsi istiqamətində hökumətin apardığı siyasət artıq öz məntiqi nəticələrini verir.

Elə bunun nəticəsidir ki, əhalinin həm dollar və digər xarici valyutalara olan tələbi azalıb, həm də yığımlarda milli valyutanın payı ötən dövrlərə nisbətən xeyli yüksəlib. Digər tərəfdən, manata olan inam artıq dollar və digər valyutaların bahalaşmasının qarşısını alan əsas faktor sayılır. Məhz bundan irəli gəlir ki, son aylar təşkil edilən hərraclarda dolların məzənnəsi sabit həddə qalıb. 

Bu arada Mərkəzi Bank xarici valyuta ilə yerləşdirilən depozitlərin orta illik faiz dərəcəsinin bu il fevralın 1-nə 2,92% təşkil etdiyini açıqlayıb. Mərkəzi Bankın aylıq hesabatına görə, bu, məlumatların açıqlandığı 2003-cü ildən indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir.

Məsələ ilə bağlı iqtisadıçı Fikrət Yusifov bildirir ki, bu, düşünülmüş surətdə aparılan siyasətin nəticəsidir. Manatın iki kəskin devalvasiyasından depozitlərin xarici valyutada yüksək faizlərlə cəlb edilməsi praktikasının yanlış olduğunu anlayan banklar bu depozitlərə görə faiz ödənişlərini bir neçə dəfə azaldıb: “İndi xarici valyutada yerləşdirilən depozitlərə görə banklar əsasən 0,5 - 3,0 faiz həddində illik ödəniş təklif edir. Devalvasiyaya qədər bu rəqəm bəzi banklarda hətta 12 faizə qədər yüksəlmişdi. Xarici valyutaya daha çox ehtiyacı olan bəzi banklar isə devalvasiyaya qədər olan dönəmlərdə, bu əmanətləri cəlb etmək xatirinə, depozitlərə görə ödənişləri hətta 14 faizə qədər yüksəltmişdi.

2016-cı ildən etibarən bu siyasət dəyişdirilməyə başladı. Banklar xarici valyutada yerləşdirilən əmanətlərə görə faiz ödənişlərini kəskin azaldaraq, milli valyutada yerləşdirilən depozitlərə görə faiz ödənişlərinin dərəcəsini artırdılar. İndi manatla olan əmanətlərə görə banklar 13-15 faiz, uzunmüddətli əmanətlərə görə isə hətta 19 faizə qədər ödəniş etmək öhdəliyi götürür”. Ekspertin sözlərinə görə, bu siyasət son iki ildə banklarda yerləşdirilən əmanətlərin valyuta strukturunda ciddi dəyişikliyə səbəb olub: “Əgər 2016-cı ilin yanvar ayında əmanətlərin 82,2 faizi xarici valyutada idisə, cari ilin yanvar ayında bu rəqəm 73,7 faizə qədər azalıb. Bu siyasət bütövlükdə bank sisteminin xarici valyutadan asılılığının aradan qaldırılmasına müsbət təsir edəcək. Manatın məzənnəsinin son dönəmlərdə sabitlik nümayiş etdirməsi əhalini manatla əmanətlər yerləşdirməyə daha çox həvəsləndirir. Elə bunun nəticəsidir ki, son aylarda banklarda manatla yerləşdirilən əmanətlərin həcmi artmaqda davam edir”.

Bununla yanaşı, Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo göstəricilərinin artması qarşıdakı dövrdə manata tələbi artıran başlıca faktor sayılır. Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 3 milyard 661 milyon 979 min dollar olub. Ötən iki ayda ticarət əməliyyatlarının ümumi həcmində 1 milyard 451 milyon 527 min dollar idxalın, 2 milyard 210 milyon 451 min dollar isə ixracın payına düşüb. Beləliklə, 2 aylıq ticarət dövriyyəsinin 758 milyon  924 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Yanvar-fevral aylarında Azərbaycandan 1 435 çeşiddə mal ixrac olunub. Ticarətdə müsbət saldo ölkəyə daxil olan dolların həcminin artımına səbəb olub. Bu vəziyyət öz növbəsində dollar artıqlığı yaradaraq, manata tələbi daha da yüksəldir. Belə durumda Mərkəzi Bankın müdaxiləsi olmasa, dolların əhəmiyyətli dərəcədə ucuzlaşması qaçılmaz  sayılır. Amma proseslər göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Yəni Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. İndiki vəziyyətdə bu, Azərbaycan üçün sərfəli sayılmır. Məsələ ilə bağlı "Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyutanın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. "Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib. Amma qarışdakı dövr ərzində kredit və depozitlərin dollarlaşma dərəcəsinin daha kəskin şəkildə azalması, bu fonda manata tələbin böyük sürətlə artması gözlənir.

NAHİD

Son xəbərlər