23/09/2018 20:54
728 x 90

Azərbaycanda biznesin güzəştli kreditləşdirilməsi bu il 200 milyon manatı ötə bilər

“Artırılacaq güzəştli kreditlər sayəsində Azərbaycan iqtisadiyyatı daha dinamik inkişaf edəcək”

img

Aydın Hüseynov: “Bu, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunmasına çox müsbət təsir göstərəcək”

 

Azərbaycan müstəqillik əldə edəndən sonra bazar iqtisadiyyatına uyğun dövlət əmlakının özəlləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması nəticəsində sahibkarlıq sinfi təşəkkül tapdı. Bu gün sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir.

Bu siyasət, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir. Bununla yanaşı, davamlı iqtisadi inkişafın reallaşdırılması baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Ölkədə sahibkarlığın inkişafı üçün vacib olan məqamlardan biri də onların əlverişli şərtlərlə kredit resursları ilə təmin olunmasıdır. Bu istiqamətdə də xeyli işlər görülüb. Hər il sahibkarlara dövlət xətti ilə milyonlarla manat güzəştli kredit verilir. Bu arada məlum olub ki, Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər. SKMF-nun direktoru Şirzad Abdullayevin sözlərinə görə, 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il SKMF xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır: “Bizim əlavə maliyyə vəsaitlərimiz var. Yəni biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirilmənin həcmini 200 milyon manatadək artıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır”.

SKMF direktoru, həmçinin, əlavə edib ki, tələbatın yarandığı halda güzəştli kreditləşmənin həcmi artırıla bilər.

Qeyd edək ki, 2017-ci ildən başlayaraq SKMF güzəştli kreditləşdirilməni yalnız qaytarılmış vəsaitlər hesabına ayırır. Ötən il verilmiş kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

Ümumilikdə, bu il veriləcək kreditlərin həcmi artırılacaqsa, bu, sahibkarlığın və ölkə iqtisadiyyatının inkişafında necə rol oynayacaq?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, kreditlərin həcminin artırılması iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək: “Ümumən ölkədə aparılan iqtisadi siyasətin strategiyası ondan ibarətdir ki, ölkədə sahibkarlıq hərtərəfli inkişaf etsin. Xüsusən də kiçik və orta sahibkarlıq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda sahibkarlığın inkişafına dövlət səviyyəsində həm siyasi, həm də iqtisadi-maliyyə dəstəyi var. Maliyyə dəstəyini təmin edən faktorlardan biri də onlara güzəştli kreditlərin verilməsidir. Sözügedən kreditlərin verilməsi birinci növbədə ona hesablanıb ki, ölkədə sahibkarlıq sahəsinin inkişafı daha da genişlənsin. Artıq dövlət büdcəsinin iqtisadi imkanları bu sahəyə daha çox kreditin verilməsinə imkan verir. Digər tərəfdən, verilən kreditlərin geri qaytarılacağına tam əminlik var. Bununla yanaşı, verilən kreditlər real sektora yönəldilir və bu, sahibkarlara böyük dəstək olur. Bu həm sahibkarlığın inkişafına stimul verir, həm də yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. Başqa bir tərəfdən, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunmasına çox müsbət təsir göstərəcək. Bu da getdikcə qeyri-neft sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq. Yəni ÜDM-də qeyri-neft sektorunun payının daha da artmasına şərait yaradır. Son nəticədə bu da ölkə iqtisadiyyatının inkişafı, vətəndaşların məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, onların əməkhaqlarının və gəlirlərinin artması deməkdir. Ona görə də sözügedən təşəbbüsə müsbət yanaşıram və hesab edirəm ki, artırılacaq güzəştli kreditlər sayəsində Azərbaycan iqtisadiyyatı daha dinamik inkişaf edəcək. O üzdən, bu istiqamətdə görülən tədbirlərin müsbət effekt verəcəyi qənaətindəyəm”.

Vidadi ORDAHALLI 

Son xəbərlər