10/12/2018 00:23
728 x 90

İxracatda qeyri-neft sənayemizin artım dinamikası son illərin populyar təzahürlərindən biri kimi...

“Görülən işlər real sektorun qeyri-neft sənayesi sahəsində daha üstün nəticələrin əldə olunmasına imkan verir”

img

Fikrət Yusifov: “2017-ci ildə ümumi sənaye istehsalı 3,7 faiz artıbsa, cari ilin yanvar ayında bu artım 8,7 faizə qədər yüksəlib”

 

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəlməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına şərait yaradıb. Təsadüfi deyil ki, qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək sənaye məhəllələrinin yaradılması bu gün diqqət mərkəzində saxlanır. Bir sıra sistemli tədbirlərin görülməsi buna əyani sübutdur.

Yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub.

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı hazırda texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, infrastrukturun qurulması, yolların çəkilməsi dövlət hesabına olan məsələlərdir. Bütün bunlar dövlət büdcəsi hesabına özəl sektorun səmərəli fəaliyyəti məqsədilə həyata keçirilir.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Ölkə başçısının müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Görülən işlərin davamı kimi 2015-ci ildə də ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Hazırda isə Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.

Bütün bu işlərin nəticəsidir ki, ötən ilin iqtisadi yekunlarına əsasən, qeyri-neft sənaye məhsullarının həm istehsalında, həm də ixracında artım qeydə alınıb və bu tendensiya bu gün də davam edir.

Maraqlıdır, bəs ekspertlər konkret rəqəmlərə əsaslanaraq bunu necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, son illər qeyri-neft sektorunun daha sürətli inkişafı ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsinə dair hökumətin müəyyənləşdirdiyi strategiyanın ardıcıl şəkildə reallaşdırılmasının konkret ifadəsidir: “Bu strategiya qeyri-neft sektorunun bütün istiqamətlərinin, o cümlədən qeyri-neft sənayesinin sürətli inkişafını hədəfləyir. “Strateji yol xəritəsi”ndə bu hədəflər konkret olaraq müəyyənləşdirilib. Ötən bir neçə ildə və cari ilin yanvar ayı ərzində qeyri-neft sənayesinin üstün artımı bir daha sübut edir ki, bu sahəyə ən yüksək səviyyədə göstərilən qayğı artıq öz bəhrəsini verməyə başlayıb. Qeyri-neft sənayesinin yeni yaradılan müəssisələrinin ilkin qaranquşları sırasında bu günə qədər fəaliyyətə başlayan sənaye parkları dayanır. Bu parkların yaxın bir neçə il ərzində ölkənin bütün bölgələrində yaradılması nəzərdə tutulur. Yeni yaradılan sənaye parklarının sırasında öncül yerlərdən biri Sumqayıt Kimya Sənaye Parkına məxsusdur. Bu parkda işlər çox uğurla gedir. Yola saldığımız 2017-ci ilin sonunda orada “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, “MST Engineering Services” MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, “Alco Lubricant” MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzinin açılışı oldu, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin isə təməli qoyuldu. Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı altıdır, daha 6 müəssisə isə 2018-ci ildə fəaliyyətə başlayacaq. Parkının rezidentlərinin sayı 15-ə çatıb və indiyə qədər qoyulmuş sərmayələr də daxil olmaqla qoyulacaq sərmayənin ümumi həcmi 2,7 milyard dollar təşkil edəcək”.

F.Yusifovun açıqlamasından o da məlum oldu ki, yola saldığımız 2017-ci ildə Balaxanı Sənaye Parkı istifadəyə verilib: “Hazırda Sənaye Parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var. Bu rezidentlər tərəfindən sənaye parkına 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin tikintisi həyata keçirilir. Artıq zavodda onlarla gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi təmir edilib. Pirallahı Sənaye Parkında təməli qoyulmuş əczaçılıq məhsullarının istehsalı üzrə  ixtisaslaşmış 2 dərman zavodunun - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” zavodlarının, eləcə də birdəfəlik şprislər istehsal edəcək "Diamed Co" zavodunun tikintisi baş tutacaq. Bu zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin, vitaminlər və qida əlavələri istehsal ediləcək. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bu günə qədər sənaye parklarında rezidentlər tərəfindən 2,5 milyard ABŞ dolları investisiya yatırılıb və 11 minədək iş yeri yaradılıb. Növbəti mərhələdə sadalanan sənaye parklarında əlavə olaraq 1,1 milyard ABŞ dollarından çox investisiya yatırılması və 7500-dən artıq yeni iş yeri yaradılması nəzərdə tutulur. Görülən işlər real sektorun qeyri-neft sənayesi sahəsində daha üstün nəticələrin əldə olunmasına imkan verir. Belə ki, 2017-ci ildə ümumi sənaye istehsalı 3,7 faiz artıbsa, cari ilin yanvar ayında bu artım 8,7 faizə qədər yüksəlib”.

Vidadi ORDAHALLI  

Son xəbərlər