25/06/2018 17:42
728 x 90

5 illik proqram Azərbaycana xarici investisiyaların yeni axın mərhələsi aça bilər

“Azərbaycan iqtisadiyyatının inkişafı üçün ölkəyə birbaşa xarici investisiyaların cəlb olunması müsbətdir”

img

Rəşad Həsənov: “Tək birbaşa xarici investisiyaların təşviqi deyil, eyni zamanda, təcrübə, bacarıq və innovasiya vacibdir”

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) “Birbaşa xarici investisiyaların təşviqinə dair 2018-2023-cü illər üçün strategiya” hazırlayıb. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunur ki, ölkədə birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq müstəvidə ölkənin cəlbedici investisiya məkanı kimi imicinin formalaşdırılması məqsədilə hesabat dövrü ərzində “Azpromo” tərəfindən “Birbaşa xarici investisiyaların təşviqinə dair 2018-2023-cü illər üçün strategiya” hazırlanıb. 

Azərbaycanda birbaşa xarici investisiyaların təşviqinə dair 6 illik strategiyanın hazırlanmasına münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ölkəyə birbaşa xarici investisiyaların cəlb olunması müsbətdir: “Nəzərə almaq lazımdır ki, maliyyə sektorunun iqtisadiyyatın digər sahələrini dəstəkləmək gücündə olmadığını görürük. Maliyyə təminatının gücləndirilməsi aspektindən yanaşdıqda, hazırda bu ən əhəmiyyətli məsələlərdən biridir. Bu səbəbdən də düşünürəm ki, göstərilən istiqamətdə alternativ mənbə xarici investisiyaların cəlb olunması hesab olunur. Tək birbaşa xarici investisiyaların təşviqi deyil, eyni zamanda, təcrübə, bacarıq və innovasiya vacibdir. Bu baxımdan xarici investisiyalar ölkənin sonrakı dövründə iqtisadiyyatın maliyyə  təminatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əsas hissəsi olmalıdır. Bu səbəbdən də problem öz-özlüyündə kompleks yanaşma və qiymətləndirmə tələb edir. Hesab edirəm ki, qeyd olunan istiqamət üzrə strategiyanın hazırlanması təqdirəlayiqdir. Bu, Azərbaycan iqtisadiyyatının maliyyə mexanizmlərinin təşkili ilə bağlı “Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Növbəti dövrlərdə strategiyanın qəbul olunması nəzərdə tutulan hədəflərin fəaliyyətinin icrası ilə bağlı proseslərin sürətlənməsinə daha çox ehtiyac var. İdeya var, pul yoxdursa, o zaman həmin ideyanın gerçəkləşmə ehtimalı çox aşağıdır. Eyni zamanda, iqtisadiyyatı liberallaşdırıb, iqtisadi institutları xarici investisiyalar üçün əlverişli etməsək, o zaman  növbəti dövrlərdə bizim “Strateji Yol Xəritələri”ndə nəzərdə tutulan hədəflərə maliyyə risqimiz böyük olar. Bu səbəbdən də hesab edirəm ki, hazırkı şəraitdə “Birbaşa xarici investisiyaların təşviqinə dair 2018-2023-cü illər üçün strategiya” hazırlanması olduqca əhəmiyyətlidir. Ümid edirəm ki, qeyd olunan strategiyada konkret hədəflər nəzərdə tutulacaq. Bu isə prosesin gücləndirilməsinə səbəb olacaq. Belə olarsa, qarşıdakı illərdə birbaşa xarici investisiyanın qeyri-neft sektoruna cəlbi genişlənəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər