25/06/2018 17:52
728 x 90

Azərbaycan yaşayış üçün ən ucuzlu dünya ölkələri sırasında...

“Azərbaycanda iqtisadi inkişaf kəskin bahalaşmaya gətirib çıxarmır”

img

Zakir Əhmədov: “Düşünürəm ki, qarşıdakı illərdə ölkə bununla bağlı daha əlverişli mövqedə qərar tutacaq”

 

Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə artan dövlət qayğısı, iş yerlərinin açılması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Həyati əhəmiyyətli problemlərin aradan qaldırılması, kənd təsərrüfatı məhsullarının istehsalında irəliləyiş, sənaye, tikinti, nəqliyyat və rabitə sahələrindəki inkişaf, yeni xidmət və digər infrastruktur obyektlərinin istifadəyə verilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə həyat səviyyəsi yüksəlib. Bütün bunların nəticəsidir ki, Azərbaycan yaşayış üçün ən ucuz ölkələr siyahısında yer alıb. Belə ki, “GOBanking Rates” nəşri dünyanın yaşamaq üçün ən əlverişli 50 ölkəsinin növbəti siyahısını açıqlayıb. Azərbaycan həmin ölkələrin siyahısında 35-ci yerdə qərarlaşıb. Nəşr bildirir ki, yaşayış üçün əlverişlilik reytinqi dörd əsas amil - yerli alıcılıq qabiliyyətinin gücü, kirayə, ərzaq, istehlak və restoran qiymətlərinin indeksləri Nyu-Yorkla müqayisə əsasında tərtib edilib.

Nəşr vurğulayır ki, Azərbaycan iqtisadiyyatının əsas qüvvəsi, neft və neft məhsulları da daxil olmaqla, təbii resurslardır. Azərbaycanda qida məhsulları və istehlak mallarının aşağı qiymətə olması da qeyd olunur. Məsələn, Bakıda yaşayış dəyəri Nyu-Yorkla müqayisədə 70 faiz ucuz başa gəlir.

Bu gün yaşayış üçün ən ucuz ölkə Hindistandır. Ardınca reytinqdə Səudiyyə Ərəbistanı və Pakistan qərarlaşıb. Siyahıda Ermənistan 34-cü, Gürcüstan 16-cı, Türkiyə 26-cı, İran 23-cü olub. Rusiya 50 ölkədən ibarət reytinqə düşməyib.

Ümumilikdə, bu qiymətləndirməni ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, bununla bağlı aparılan dəyərləndirmələr reallığı əks etdirir: “Həqiqətən də bir sıra ölkələrə baxanda Azərbaycan yaşayış üçün ən ucuz ölkədir. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı inkişaf edir, dövriyyədə böyük həcmdə vəsait hərəkət edir. Adətən iqtisadi inkişaf yaşayan ölkələrdə qiymətlər baha olur. Tələbatın artması, dövriyyəyə böyük həcmdə vasaitin daxil olması qiymətlərin artmasına gətirib çıxarır ki, bu da yaşayışı bahalaşdırır. Azərbaycanda isə iqtisadi inkişaf kəskin bahalaşmaya gətirib çıxarmır. Çünki ölkədə həyata keçirilən iqtsadi siyasət sosialyönümlü olduğu üçün, bütün təbəqələrin maraqlarını özündə ehtiva edir. Belə olduqda bu, əlbətdə ki, əhalinin maraqlarının qorunmasına xidmət edir. Eyni zamanda, həyat səviyyəsinin kəskin bahalaşmasının qarşısını alır. Düşünürəm ki, qarşıdakı illərdə Azərbaycan bununla bağlı daha əlverişli mövqedə qərar tutacaq. Çünki ölkədə həyata keçirilən islahatlar, görülən işlər və ən başlıcası, dinamik iqtisadi inkişaf bu qənaətə gəlməyə əsas verir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər