23/09/2018 20:54
728 x 90

Azərbaycanla Türkiyənin milli valyuta ilə ticarətə keçidi reallaşır

“Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci böyük tərəfdaşdır”

img

Vüqar Bayramov: “Türkiyə lirəsinin son illər dəyər itirməsi faktını nəzərə alsaq, Azərbaycan üçün tam milli valyutada xarici ticarətin aparılması deyil, qismən milli valyuta ilə ticarətin aparılması məqsədəuyğun olardı”

 

“Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək”. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir. Bununla bağlı hər iki ölkənin Mərkəzi banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq təlimatlar veriblər.

Hazırda texniki işlər, demək olar ki, yekunlaşıb: “Azərbaycan və Türkiyə damarların bir-birinə bağlandığı kimi, hər gün daha da bağlanır. İki ölkə arasındakı əməkdaşlıqda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəməri kimi böyük layihələr xüsusi yer tutur. İzmirdə (Əliağa) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya layihələri, “Petkim” neft-kimya kompleksi kimi layihələrini də vurğulamaq lazımdır. Türkiyə bu layihələri dəstəkləyir. Heç kimə vermədiyimiz dəstəyi bu layihələrə veririk. Bunlar da iki ölkənin iqtisadi sahədə bərabər irəliləməsinə təkan verir”.

Azərbaycan və Türkiyə ilə ticarətin milli valyuta ilə həyata keçirilməsinin ölkə iqtisadiyyatına təsiri barədə danışan iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əksərən xarici ticarət əlaqələrində dünyada dollar dominantı üstünlük təşkil edir. Regiondan asılı olaraq isə digər valyutalar, o cümlədən avrodan istifadə olunur. Ancaq Türkiyə ilə Azərbaycan arasında xarici ticarətin milli valyuta ilə aparılması uzun müddətdir müzakirə olunur. Bununla bağlı lazımi addımların atılacağı da qeyd olunur.

İqtisadçının sözlərinə görə, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci böyük tərəfdaşdır: “Azərbaycanın dollar tələbatını nəzərə alsaq, xarici ticarətin ABŞ valyutası ilə aparılması daha məqsədəuyğun olardı. Nəticə etibarilə bu, ölkəyə daxil olan valyutaların həcminin artırılması baxımından vacibdir. Nəzərə almaq lazımdır ki, hələlik Türkiyənin rəsmi məzənnəsi stabildir. Ancaq siyasi faktorlar da adıçəkilən ölkənin məzənnəsinə təsir göstərir. Bu baxımdan Türkiyə lirəsinin son illər dəyər itirməsi faktını nəzərə alsaq, Azərbaycan üçün tam milli valyutada xarici ticarətin aparılması deyil, qismən milli valyuta ilə ticarətin aparılması məqsədəuyğun olardı. Hesab edirəm ki, ABŞ valyutası ilə ticarətin aparılması daha münasibdir”.

Günel CƏLİLOVA

Son xəbərlər