23/09/2018 20:57
728 x 90

Yaxın üç ildə Azərbaycanın dövlət borcu ilə bağlı beynəlxalq agentliyin maraqlı proqnozu...

“Real olan budur ki, bir çox dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta...”

img

Fikrət Yusifov: “Azərbaycanda bu sahədə vəziyyət məqbuldur”

 

Ötən ildən başlayaraq Azərbaycanda qeydə alınan iqtisadi artm tempi makroiqtisadi vəziyyətin möhkəmlənməsinə öz təsirini göstərib. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı üçün mövcud olan potensial risqlər yoxdur. Aparılan sistemli islahatlar idarəçilikdə funksionallığı artırır, iqtisadi dinamikliyin yüksəlməsinə öz müsbət təsirini göstərməkdə davam edir. Bunun nəticəsidir ki, beynəlxalq qurumlar tərəfindən Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar ard-arda gəlməkdə davam edir.

Bu arada “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir ki, Azərbaycanın birbaşa və təminatlı dövlət borcunun artım tempi növbəti üç il ərzində azalacaq. Qeyd olunur ki, dövlət borcunun artım tempinin azalması dövlət büdcəsində kəsirin azaldılması məqsədilə qəbul edilən fiskal qərarlarla və bir sıra iri layihələrin reallaşdırılmasının başa çatması hesabına əldə olunub.

Eyni zamanda, agentlik dövlət borcunun ÜDM-ə nisbətinin 2018-ci ildə 53,4 faiz, 2019-cu ildə 53,8 faiz təşkil edəcəyini proqnozlaşdırır. 2017-ci ildə agentlik dövlət borcunun ÜDM-ə nisbətini 53,6 faiz həcmində proqnozlaşdırmışdı. O da məlum olub ki, 2018 və 2019-cu illərdə Azərbaycanda inflyasiya azalacaq. 2018-ci ildə Azərbaycanda inflyasiya 6 faiz, 2019-cu ildə 5 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyd olunur ki, manatın məzənnəsinin sabitliyində əminlik inflyasiya gözləntilərini azaldır.

Ümumilikdə, Azərbaycanın birbaşa və təminatlı dövlət borcunun artım tempinin növbəti üç il ərzində azalacağı ilə bağlı proqnozu ekspertlər necə şərh edirlər?

Məsələyə münasibət bildirən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, dövlət borcunun klassik tərifi onun mahiyyətini olduğu kimi açıqlayır: “Bu, dövlətin büdcə kəsirini bağlamaq üçün götürdüyü borcdur. Dövlət borcunun ətrafında iqtisadçıların fikirləri həmişə haçalanıb. Bu gün də dövlət borcunu lənətləyib onu insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla kimi dəyərləndirənlər tapılır. Lakin real olan budur ki, bir çox dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstırlarına çevrilməyə belə müvəffəq olublar. Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa, Yaponiya və iqtisadi cəhətdən dünyanın ən güclüləri sırasında ilk onluğa daxil olan digər ölkələr buna bariz nümunədirlər. Bu gün dünya iqtisadiyyatının 1/4-nə sahib olan ABŞ-ın dövlət borcu onun ümumdaxili məhsulundan çox olan həddə gəlib çatsa da, bu dövlətin illərlə apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus manevrlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib.

ABŞ-ın dövlət borcunun həcmi bu ölkənin ÜDM-nin 110%-nə yaxındır. Bu gün Yaponiya dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinə görə dünya ölkələri içərisində ilk yeri tutur. Bu ölkə üzrə borcun həcmi ÜDM-in 239,2%-nə bərabərdir. Bu siyahıda ikinci yer Yunanıstana məxsusdur. Onun dövlət borcu ÜDM-in  179%-nə bərabərdir.

Azərbaycanda bu sahədə vəziyyət məqbuldur. 2017-ci il üçün Azərbaycanın xarici dövlət borclanmasının yuxarı həddi 4,5 mlrd. manat müəyyən edilib. Lakin ötən ildə borclanma ilə bağlı bəzi proseslərin uzanması səbəbindən müvafiq kredit sazişlərinin imzalanması mümkün olmadı və bu səbəbdən 2017 il üçün müəyyən edilmiş borclanma limitindən 1 milyard 150 milyon manatdan da az istifadə olundu. Hökumət alınacaq həmin kreditlərin yönəldiləcəyi layihələrin vacibliyini nəzərə alaraq, xarici borclanma limiti üzrə ötən il istifadə olunmamış limitin 1 milyard 150 milyon manat qalığının 2018-ci ilə keçirilməsini məqsədəuyğun hesab etdi. Nəticədə xarici borclanma üzrə cari il üçün müəyyən edilmiş ilkin limit ötən ildə istifadə olunmamış limitin həcmi qədər artırılaraq 1milyard manatdan 2 milyard 150 milyon manata çatdırıldı. 1 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ümumdaxili məhsula olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər