13/12/2018 18:06
728 x 90

Bakı-Tiflis-Qars turizmə real təkan verməyə başlayır…

img

İstismara verildikdən sonra Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşımaların həcmində əhəmiyyətli artımlar müşahidə olunur. Digər tərəfdən, dəmir yolundan istifadə üçün müraciət edən ölkələrin sayının gedərək artması da  Bakı-Tiflis-Qarsla bundan sonra daha böyük həcmdə yük daşınacağını deməyə əsas verir. Təbii ki, bu da öz növbəsində Azərbaycanın Bakı-Tiflis-Qars vasitəsilə daha çox gəlir əldə etməsini şərtləndirəcək. Amma dəmir yolunun ölkəmiz üçün əhəmiyyəti təkcə yükdaşımalarla məhdulaşmır. 

Bakı-Tiflis-Qarsın sərnişindaşıma sahəsində də mühüm rol oynayacağı, ölkədə daxili və xarici turizmin inkişafına yeni bir təkan verəcəyi proqnozlaşdırılır. “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşınmasına bu ilin sonunadək başlanacaq. O qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk növbədə texniki şərtlər ödənilməlidir: “Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 millimetr, Türkiyə ərazisində isə 1435 millimetrə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.

“Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi, yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər. C.Qurbanov onu da qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar Bakı-Tiflis-Qars istiqamətində müntəzəm daşınmanı təmin edəcək. Bu həm də onun təsdiqidir ki, Bakı-Tiflis-Qars qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələnməsinə böyük töhfə verəcək. Çünki bu nəqliyyat marşrutu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, ümumiyyətlə qlobal əhəmiyyət daşıyır. Qeyd olunduğu kimi,  dəmir yolu xətti, həmçinin turizm sektoruna da təkan verəcək.

Təsadüfi deyil ki, bundan əvvəl BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılması Azərbaycana turist axınının artırılması üçün əlavə imkan verəcək: “Çünki qatarla səyahət macəradır və bundan əlavə, qatar transmilli marşrutları birləşdirən ideal nəqliyyat vasitəsi sayılır. Məsələn, “Eurorail” bir çox səyyahların yalnız imkanlarının açılmasına deyil, həm də onların düşüncəsinin dəyişməsinə səbəb olub. Azərbaycanın mühüm geostrateji mövqeyi ölkədə dəmir yolu turizminin gələcək inkişafına kömək edə bilər”.

Ekspertlər isə qeyd edir ki, daxili turizm səfərlərində kifayət qədər insan qatar nəqliyyatından istifadə edir. Bu turizm marşrutu həm ölkə xaricinə gedən yerli vətəndaşlar, həm də Azərbaycana gələn turistlər üçün əlverişli sayılır. Onu da qeyd edək ki,  insanlar qatara daha çox üstünlük verir, çünki qatar səfərləri adətən axşam və gecə saatlarında həyata keçirilir və bu da turistlər üçün daha rahat olur. Bu mənada hesab edilir ki, Bakı-Tiflis-Qars dəmir yolu, iqtisadiyyatla bərabər, qeyri-neft sektorunun bir qolu olan turizmin də inkişafına müsbət təsir göstərəcək.  Ümumiyyətlə, bu dəmir yolu öz xətti üzrə Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində Bakı-Tiflis-Qars  istiqamətində olan stansiyalara yaxın ərazilərdə turizmin canlandırılması baxımından bir fürsət sayılır.  Qeyd olunan fonda aydındır ki, Bakı-Tiflis-Qars turizmin inkişafında müəyyən rol oynayacaq. Bu da nəticədə ölkəmizə gələn və xaricə gedən turistlərin sayında müsbət mənada özünü göstərəcək. Eyni zamanda bu marşrutdan ilk növbədə Asiya ölkələrinin turistlərinin də Azərbaycana, Gürcüstana, Türkiyəyə gəlmək üçün istifadə edəcəyi gözlənir. Perspektivdə Avropa istiqamtəindən də ciddi axın gözlənir. Çünki qatar turizmi digər nəqliyyat növlərinə nisbətən daha ucuz başa gəlir. Dəmir yolu turizmi həm də o baxımdan əlverişlidir ki, hava şəraitindən asılı olmayaraq, onunla hər fəsildə səyahət etmək mümkündür. Bu mənada Bakı-Tiflis-Qarsla sərnişin daşınmasına başlanmasından sonra turizm sahəsində yeni canlanma gözlənir.

NAHİD

Son xəbərlər