19/11/2018 16:13
728 x 90

Minimum əmək pensiyalarının 116 manata qaldırılması nə deməkdir?

“Hesab edirəm ki, məlum artımlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasına real müsbət təsir göstərəcək”

img

Rəsul Cahangirli: “Bu zaman həm inflyasiya göstəriciləri, həm də digər məqamlar nəzərə alınır”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq. Nazir qeyd edib ki, ölkədə pensiyanın orta məbləği 110 manatdan 116,27 manata qədər artırılacaq. Onun sözlərinə görə, fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımla bir yerdə ödəniləcək.

Nazir bildirib ki, Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə əməkhaqqının orta artım tempi 5,7 faiz olduğundan, pensiyaların sığorta hissəsi də elə bu qədər artırılacaq. O da məlum olub ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə, yəni 94 faizinə şamil olunacaq. Pensiyaların ödənilməsinə isə yaxın günlərdə başlanacaq və ödəniş növbəlilik prinsipi əsasında ediləcək. Pensiyaların artırılması üçün hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.

O da məlumdur ki, ötən illər ərzində ölkədə pensiyalar bir neçə dəfə artırılıb. Bu da ölkədə aparılan uğurlu sosial siyasətin göstəricisidir. O üzdən, ekspertlər pensiyaların minimum hissəsinin artırılmasını necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, məlum qərar ölkə başçısının humanistliyindən irəli gəlir: “Nəzərə almaq lazımdır ki, 2004-cü ildən sonra Azərbaycanda pensiyalar bir neçə dəfə artırılıb. Ölkənin iqtisadi imkanlarına mütənasib olaraq dövlət büdcəsindən zaman-zaman bu məqsədlər üçün vəsait ayrılır. Bu zaman həm inflyasiya göstəriciləri, həm də digər məqamlar nəzərə alınır. Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sistemi tətbiq edilir. Məhz həmin sistemin tətbiqindən sonra ölkədə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanıb. 2007-ci ildən etibarən Prezident İlham Əliyev tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı ümumilikdə 11 sərəncam verilib. Bu bir daha göstərilən diqqətin nəticəsidir. Pensiya sistemi sahasində zaman-zaman islahatlar aparılır. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanan mütərəqqi dəyişikliklər sözügedən islahatların tərkib hissəsidir. Bu ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına şərait yaradacaq. Bu baxımdan ölkədə pensiyaların minimum hissəsinin artırılması müsbət addımdır və dəstəklənməlidir. Nəzərə alsaq ki, artıq ötən ildən başlayaraq iqtisadi inkişaf bərpa olunub və qiymətlər sabitləşib, o baxımdan artımların təqaüdçülərin sosial vəziyyətinə müsbət təsir edəcəyi qənaətindəyəm. Hesab edirəm ki, məlum artımlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasına real müsbət təsir göstərəcək. Bu da, öz növbəsində, ölkədə alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək. O üzdən, belə bir qərarın verilməsini alqışlayıram”.

Cəmilə QARAYEVA 

Son xəbərlər