22/02/2018 13:07
728 x 90

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın ixrac sektorunun böyük gələcəyinə daha bir inam jesti etdi...

“Bunun nəticəsində Azərbaycan dünya bazarına rəqabətə davamlı bir sıra məhsullar çıxara bilər”

img

Vüqar Bayramov: “Ona görə də bu istiqamətdə İFC ilə əməkdaşlığın genişləndirilməsi bir sıra perspektivlər vəd edir”

 

Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanın müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində rəqabətqabiliyyətli müəssisələrə investisiya yatırmağa hazırdır. Yayılan məlumata görə, bu barədə qurumun regional direktoru Yan van Bilsen deyib.

Regional direktorun sözlərinə görə, rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatının yaradılması ölkədə gələcək iqtisadi artım və iş yerlərinin açılması üçün vacib amildir: “Bu, yalnız özəl sektorun potensialından istifadə edərək əldə edilə bilər ki, bu da iqtisadiyyatda investisiya qoyuluşunu, məhsuldarlığı və davamlılığı artıracaq. Biz müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində şəffaf və yaxşı idarə olunan rəqabətqabiliyyətli müəssisələrə investisiyalar üçün açığıq. İFC Azərbaycanda, xüsusilə də enerji və nəqliyyat sektorunda investisiya layihələrində iştirak etməyə hazırdır”.

Yan van Bilsen onu da bildirib ki, korporasiya eyni zamanda hökumətin infrastrukturun təkmilləşdirilməsinə göstərdiyi diqqəti alqışlayır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. İndiyə qədər İFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrini əhatə edən layihələrə 473 milyon dollar ayırıb.

Ümumilikdə, sözügedən əməkdaşlıq Azərbaycanın rəqabətqabiliyyətli sahələrinin inkişafında, onların ixrac imkanlarının artmasında nə kimi rol oynaya bilər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, İFC-nin Azərbaycanın müxtəlif istehsal sahələrinə sərmayə qoymasının bir sıra üstünlükləri var: “Məsələ ondadır ki, Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankının bir institutu olaraq dünyanın aparıcı qurumlarından biridir. Nəticə etibarilə qurumun Azərbaycan iqtisadiyyatına, rəqabətqabiliyyətli məhsul istehsalına sərmayə qoymasının bir sıra üstünlükləri var. Bu bir tərəfdən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından vacibdir. Yəni bu imkan verir ki, ölkədə sözügedən sektoru daha çox inkişaf etdirmək mümkün olsun. Digər tərəfdən, bu həm də sahibkarlığın genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Söhbət qeyri-neft sektoruna yönəldilən investisiyaların çoxşaxəli olmasından gedir. Yəni bura daha çox investisiyanın qoyulması yeni-yeni imkanların yaranmasına şərait yaradır. Bunun nətəcəsində Azərbaycan dünya bazarına rəqabətə davamlı bir sıra məhsullar çıxara bilər. Belə məhsulların dünya bazarında öz yerini tutması iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu istıqamətdə İFC ilə əməkdaşlığın genişləndirilməsi bir sıra perspektivlər vəd edir. Hesab edirəm ki, bu imkandan maksimum səmərəli istifadə etmək lazımdır. Bütün bunlar həm də Azərbaycanın qeyri-neft ixracının artmasına imkan yaradır. 2017-ci ildə Azərbaycanın qeyri-neft ixracı 24 faiz artaraq 1,5 milyard dollara çatıb. Daha çox xarici sərmayənin cəlb edilməsi nəticə etibarilə qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsinə ciddi təkan verəcək. Bu daha çox xarici sərmayənin cəlbi və ixrac imkanı deməkdir. Bununla ixrac imkanlarını daha da genişləndirmək və nəticədə neft amilindən asılılığı minimuma endirmək mümkün olacaq”.

Cəmilə QARAYEVA

Son xəbərlər