20/08/2018 06:39
728 x 90

Dünya neft qiymətlərində rəqslərin Azərbaycan iqtisadiyyatına təsiri minimal həddə enir

img

Neft bazarında son vəziyyətin təhlili burada hələ də spekulyativ amillərin qiymət siyasətinə ciddi təsir etməkdə olduğunu üzə çıxarır. Elə bunun nəticəsidir ki, son aylarda qiymətləri yüksələn neftin dəyəri yenidən aşağı düşməyə başlayıb. Son vəziyyətin təhlili göstərir ki, dünya birjalarında neftin qiyməti ABŞ-ın xam neft istehsalının rekord səviyyəyə çatması və bununla əlaqədar olaraq qlobal neft təklifinin tələbatdan çox olacağı narahatlığı fonunda son 2 ayın minimumuna çatıb.

Belə ki, “Light” markalı xam neftin bir barreli ötən il dekabrın 6-dan indiyədək ən aşağı qiymətə satılıb. Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,7 dollar, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,12 dollara alıcı axtarır. Azərbaycan neftinin qiyməti isə 68 dollardır. Ekspertlər hesab edir ki, neftin dünya qiymətlərinin azalma tempi ABŞ-da hasilat artımı ilə bağlı deyil və daha çox spekulyativ amillər səbəbindən ucuzlaşır. İqtisadçı Vüqar Bayramov 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl”ın yenidən dəyər itirməsini belə izah edib: “Bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırır. Əvvəllər də qeyd etdiyimiz kimi, neftin son qiymət artımları, hasilatın azalması ilə yanaşı, spekulyativ müdaxilələrlə bağlı idi. Bəzi valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin qalxmasını stimullaşdırmağa çalışırdı. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən quyuların sayında artımlar müşahidə edilir və bu da Şimali Amerikanın neft bazarında mövqeyinin mərhələli şəkildə güclənməsinə gətirib çıxarır”. İqtisadçı bildirib ki, bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatlıqlarını gizlətmirdi: “Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Venesuela, Liviya və Nigeriya kimi ölkələrdə neft hasilatında dövri olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirimləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir. Neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qismi sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilər. Bu baş verəcəyi halda neftin qiymətində ucuzlaşma, dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər”.

Yaranmış vəziyyət indiki tempdə davam edərsə, ekspertər hasilatçı ölkələrin müəyyən çətinliklərlə üzləşəcəyini istisna etmir. Amma bu heç də hasilatla məşğul olan bütün ölkələrə şamil edilmir. Məsələn, real vəziyyət göstərir ki, neftin qiymət dəyişikliyi Azərbaycana ciddi şəkildə təsir göstərməyəcək. Çünki ölkə iqtisadi artımı əsasən qeyri-neft sektoru üzərində qurmağa başlayıb. İqtisadiyyatın şaxələndirilməsi prioritet olmaqla yanaşı, eyni zamanda, ölkə iqtisadiyyatının daha dayanıqlı inkişafı baxımından vacib sayılır. Ölkə neftdən asılılığı aradan qaldırdıqca daha dayanıqlı iqtisadi inkişafa və artıma nail ola bilir. Bunun nəticəsidir ki, ixracda da qeyri-neft sektorunun payı artır və ötən il bu rəqəm 1,5 milyard dollardan çox olub. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev qeyd olunan xüsusda çox vacib mesajlar verib: “Son iki il ərzində Azərbaycanda daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da.  Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük”. Dövlət başçısının sözlərinə görə, neft sektoru, sadəcə olaraq, Azərbaycana əlavə maliyyə resursu yaradacaq ki, bu da, öz növbəsində, ölkənin siyasi resurslarını gücləndirir: “Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini verib. Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq”. Beləliklə, real vəziyyət göstərir ki, qeyri-neft sektorunun inkişafı hesabına Azərbaycan neftin qiymət dəyişməsindən o qədər də əziyyət çəkməyəcək. Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar artıq müsbət nəticələr verir. Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi neft amilinin iqtisadiyyatda çəkisini bundan sonra da azaldacaq.

Tahir TAĞIYEV

Son xəbərlər