20/08/2018 06:38
728 x 90

Azərbaycanda 5 faiz inflyasiyadan xoflananlara tutarlı rəqəmsal cavab...

“Azərbaycan iqtisadiyyatı dayanıqlı, stabil şəkildə inkişaf edir”

img

Aydın Hüseynov: “Aparılan uğurlu siyasət nəticəsində əhalinin gəlirləri inflyasiyanı 2 dəfə üstələyib”

 

“İnflyasiya birinci ayda 5,5%-dir, əhalinin pul gəlirlərində artım 11%-dən çoxdur. Yəni əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, son iki il ərzində Azərbaycanda daha fəal və daha səmərəli islahatlar aparılıb: “Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da”.

Prezident xüsusi olaraq qeyd edib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru 2,7%, o cümlədən sənaye sektoru 3,7%, kənd təsərrüfatı sektoru 4,1% böyüyüb, ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar artıb: “Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumdaxili məhsul 2%, qeyri-neft iqtisadiyyatımız təxminən 4%, sənaye istehsalı 1,5%, qeyri-neft sektorunda sənaye istehsalı 8,7% artıb. İnflyasiya birinci ayda 5,5%-dir, əhalinin pul gəlirlərində artım 11%-dən çoxdur. Yəni əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 mlrd. dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 mlrd. dollar təşkil edir”.

Bütün bu deyilənlərin fonunda, ölkədə əhalinin gəlirlərinin inflyasiyanı iki dəfə üstələməsi nəyin hesabına olub? Azərbaycan buna necə nail olub?
Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən millət vəkili Aydın Hüseynov bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Bunun başlıca səbəbi ölkədə aparılan düzgün iqtisadi siyasətlə bağlıdır. Aparılan uğurlu siyasət nəticəsində əhalinin gəlirləri inflyasiyanı 2 dəfə üstələyib. İnflyasiya hər bir ölkəyə xasdır. Ölkə valyutasının məzənnəsində dəyişiklik olarsa, məzənnə aşağı düşərsə, o zaman inflyasiya baş verir. Azərbaycanda bir ildən çoxdur manatın məzənnəsi stabil qalıb. Eyni zamanda, ötən müddət ərzində 4 faiz möhkəmlənib. Digər tərəfdən, tədiyyə balansında müsbət saldo olmayanda inflyasiya baş verir. Ötən il ərzində ticarət və tədiyyə balansında müsbət saldo əldə olundu. Bu da valyuta bazarında sabitlik yaranması üçün əsas şərt sayılır. Bununla yanaşı, dövlət daim süni qiymət artımının qarşısını almaq üçün davamlı tədbirlər görür. Bu kimi halların qarşısı alındığı üçün, Azərbaycanda əhalinin gəlirləri inflyasiyanı üstələyir. Nəticədə ölkədə inflyasiyanın səviyyəsi tənzimlənir və əhalinin gəlirləri onu üstələyir. Bu da ölkədə aparılan düzgün maliyyə-fiskal siyasətin göstəricisidir. Təsadüfi deyil ki, görülən işlər sayəsində qeyri-neft sektorunda, qeyri-neft sənaye sahəsində, aqrar sektorda inkişaf əldə olundu. Ölkənin ixrac potensialından səmərəli istifadə olunması istiqamətində görülən işlər uğurlu nəticələr verməyə başlayıb. Qeyri-neft məhsulları üzrə ixracın həcmi getdikcə artır. Bütün bunlar ölkədə investisiya şəraitinin durmadan yaxşılaşdırıldığını göstərir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün müvafiq stimulverici tədbirlər həyata keçirilir. Ona görə də Azərbaycan iqtisadiyyatı dayanıqlı, stabil şəkildə inkişaf edir. Hesab edirəm ki, bu tendensiya bundan sonra daha sürətlə davam edəcək və biz bu il böyük iqtisadi uğurlar əldə edəcəyik”.

Vidadi ORDAHALLI

 

Son xəbərlər