20/08/2018 06:39
728 x 90

Azərbaycanın bütün rayonlarında sənaye zonalarının yaradılmasına doğru...

“Bütün regionlar üzrə sənaye zonaları yaradılarsa, bu, son nəticədə regionların sosial-iqtisadi inkişafına, məşğulluğun artmasına təsir edəcək”

img

Rəşad Həsənov: “Əhalinin rifah halının yaxşılaşması baxımından əhəmiyyətlidir”

 

“Bütün rayonlarda sənaye zonaları yaradılacaq”. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bir neçə gün öncə Bakıda “Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda artıq 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Gələcəkdə isə Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq: “Strateji Yol Xəritəsinə uyğun olaraq sənaye klasterlərinin yaradılması istiqamətində işlər aparılır. Bununla əlaqədar metodologiya və təkliflər, həmçinin, tətbiq ediləcək güzəştlər hazırlanır”.

Gələcəkdə bütün rayonlarda sənaye zonalarının yaradılması mümkünlüyü barədə danışan iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, hər bir regionda sənaye zonalarının yaradılması əyalətlərin sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması baxımından mühüm əhəmiyyətlidir: “Nəzərə alaq ki, ölkənin hər bir regionunda sənaye zonalarının yaradılması prosesi qısamüddətli deyil. Ölkənin bütün regionları üzrə sənaye zonalarının yaradılmasından söhbət gedirsə, bunun üçün təxminən 10 ilə qədər vaxt lazımdır. Amma, eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, sənaye zonaları regionların müəyyən istiqamət üzrə ixtisaslaşması, həmçinin, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan müsbət addımdır. Bu proses regionlarda əlavə iş yerlərinin yaradılması, iqtisadiyyatın sənaye bölümü üzrə əlavə istiqamətlərin təkmilləşdirilməsi, bu istiqamətdə dövlət dəstəyinin təşkili mexanizmlərinin inkişaf etdirilməsi mənasında da əhəmiyyətlidir”.

İqtisadçının fikrincə, bütün regionlar üzrə sənaye zonaları yaradılarsa, bu, son nəticədə regionların sosial-iqtisadi inkişafına, məşğulluğun artmasına təsir edəcək. Həmçinin, əhalinin rifahının yüksəlməsinə, urbanizasiya kimi problemin aradan qaldırılmasına təkan verəcək. Eyni zamanda, bütün rayonlar üzrə sənaye zonalarının yaradılması ölkə iqtisadiyyatına daha müsbət təsir göstərə bilər. Bu fonda xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarının istehsalı istiqamətində irəliləyişin baş verməsi gözlənir. 

Günel CƏLİLOVA

Son xəbərlər