28/05/2018 05:06
728 x 90

SOCAR bir dünya şirkətinə çevrilmək iddialarında növbəti addımını Pribaltikada atır...

“Reallıq ondan ibarətdir ki, SOCAR həm ölkə daxilində, həm də xaricdə çox uğurla fəaliyyət göstərir”

img

Zakir Əhmədov: “Bundan sonra şirkətin dünya ölkələrinə, o cümlədən Şərqi Avropa dövlətlərinə mazut ixracı daha da artacaq”

 

Azərbaycan dövlət şirkəti SOCAR Baltikyanı limanlardan dünya bazarlarına mazutun ən böyük ixracatçılarından birinə çevrilir. Bu barədə mətbuata ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, yanvar ayı ərzində SOCAR Baltikyanı limanlardan 320 min ton mazut ixrac edib: “SOCAR Belarus dövlət şirkəti BNK-dan məhsul alır və sonra onu Latviyanın Ventspils və Litvanın Klaypeda şəhərlərindən ixrac edir. Yanvar ayında SOCAR Maltaya Ventspilsdən 120 min ton mazut ixrac edib, Klaypedadan isə 200 min ton”.

Beləliklə, mənbənin sözlərinə görə, şirkət Baltikyanı ölkələrdən mazutun ən böyük ixracatçılarından birinə çevrilir.

Görünən odur ki, Azərbaycanın yeni neft strategiyası öz coğrafi, iqtisadi və strateji miqyaslarını ilbəil genişləndirir və ölkə iqtisadiyyatının əsaslarının möhkəmlənməsinə xidmət edir. Gürcüstan, Ukrayna, Türkiyə, Rumıniya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə ARDNŞ-in yaratdığı, idarə etdiyi aktivlər müstəqil Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə mühüm töhfələr verir. Bu layihələrdən qazanılan gəlirlər isə sosial-iqtisadi sahədə xalqın rifahının artırılmasına, iritutumlu proqramların reallaşmasına yönəldilib.

Bu baxımdan SOCAR-ın ən böyük mazut ixracatçısına çevrilməsini ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, SOCAR-ın mazut istehsalında və ixracında əldə etdiyi nailiyyətlər Azərbaycanın uğurudur: “Reallıq ondan ibarətdir ki, SOCAR həm ölkə daxilində, həm də xaricdə çox uğurla fəaliyyət göstərir. Xarici ölkələrdə birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr reallaşdırılır. Mazut ixracının artması da bunun tərkib hissəsidir. Bu da şirkətin uğurlu fəaliyyət göstərməsindən xəbər verir. Təsadüfi deyil ki, bir sıra layihələrin reallaşdırılmasına bu qədər çox sayda xarici neft və qaz şirkəti cəlb olunub. Xarici mütəxəssislərlə birgə iş zamanı əldə olunan yeni imkanlar milli neft şirkətinin sənaye və istehsal potensialının daha da güclənməsinə təkan verib. Hesab edirəm ki, bundan sonra SOCAR-ın dünya ölkələrinə, o cümlədən Şərqi Avropa ölkələrinə mazut ixracı daha da artacaq. Çünki bunu şərtləndirən bir sıra faktorlar mövcuddur. Məsələ ondadır ki, SOCAR Türkiyə və bir sıra digər ölkələrdə neft-kimya sənayesi ilə bağlı layihələr həyata keçirir. Bu layihələr işə düşdükdən sonra neft məhsullarının istehsalı indikindən qat-qat böyük olacaq. Bu da Azərbaycana daha çox valyutanın daxil olmasına gətirib çıxaracaq. Əvvəl əsasən xam neft ixrac edirdiksə, bundan sonra neftdən alınan məhsulların həm istehsalı, həm də ixracı artacaq. İstər ölkə daxilində, istərsə də ölkə xaricində bununla bağlı bir sıra layihələr həyata keçirilir. Həmin layihələr Azərbaycan iqtisadiyyatı üçün ciddi perspektivlər vəd edir. Ona görə də bu istiqamətdə görülən işləri təqdir edirəm. Hesab edirəm ki, Azərbaycan görülən işlərin bəhrəsini bundan sonra daha çox görəcək”.

Vidadi ORDAHALLI  

Son xəbərlər