20/08/2018 06:40
728 x 90

Azərbaycanın təşəbbüskarı olduğu qaz layihəsinə Avropa Bankının yeni 1,5 milyardlıq krediti açılır

“AİB-in məlum qərarı TAP-la bağlı işlərin daha da sürətləndirilməsinə gətirib çıxaracaq”

img

Rəsul Cahangirli: “Nəzərə almaq lazımdır ki, Azərbaycan qazının Avropa bazarına çıxarılması böyük əhəmiyyət kəsb edir”

 

Avropa İnvestisiya Bankı (AİB) Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kredit təsdiqləyib.

Bankın bununla bağlı məlumatında deyilir ki, AİB Direktorlar Şurası çərşənbə axşamı günü TAP qaz kəmərinin tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib: “2018-ci ildə ilk olaraq fevralın 6-da keçirilmiş iclasda AİB, TAP qaz kəmərinin tikintisi layihəsinə 1,5 milyard avro həcmində maliyyələşmənin təqdim edilməsini təsdiqlədi”.

TAP qaz kəmərinin ümumi uzunluğu 878 kilometr təşkil edəcək ki, bunun 550 km. hissəsi Yunanıstanın şimal hissəsindən, 215 km. hissəsi Albaniya ərazisindən, 105 km. Adriatik dənizindən və 8 km. hissəsi İtaliya ərazisindən keçəcək. TAP layihəsi “Şahdəniz-2” layihəsi çərçivəsində  hasil  olunan təbii qazın Yunanıstan və Albaniya vasitəsilə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.

Trans-Adriatik Boru Kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı şəkildədir:  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%). TAP tikintisi layihəsinin dəyəri 4,5 milyard avro həcmində qiymətləndirilir.

Görünən odur ki, bir sıra aparıcı beynəlxalq maliyyə qurumları sözügedən layihənin maliyyələşdirilməsində maraqlıdırlar. Bu səbəbdən kreditlərin ayrılması ilə bağlı işlər vaxtında həyata keçirilir. Bu da sözügedən layihənin vaxtında həyata keçirilməsinə öz töhfəsini verir. Bu baxımdan ekspertlər AİB-in məlum qərarını necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bütün bunlar TAP layihəsinin vaxtında hazır olmasına müsbət təsir göstərəcək: “Nəzərə almaq lazımdır ki, Azərbaycan qazının Avropa bazarına çıxarılması həm qazı satan tərəf üçün, həm də qazı alan tərəf üçün böyük əhəmiyyət kəsb edir. Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə xidmət edən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın dövlət başçısı İlham Əliyevin Avropa Komissiyasının sədri Maniel Barrozu ilə 2011-ci ildə Bakıda imzaladıqları bəyanatla reallaşmağa başlayıb. Sözügedən layihənin mühüm seqmentlərindən biri olan TANAP layihəsi ilə bağlı 2012-ci ilin iyununda saziş imzalanıb. TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyinə bir neçə kəmərlə əlaqələndirəcək. “Cənub Qaz Dəhlizi”nin son ünvanı isə Qərbi Avropadır. 2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi bu istiqamətdə işləri daha da sürətləndirməyə başladı. TAP boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Bu layihə Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Növbəti illərdə isə bu rəqəmi 20 milyard kubmetrədək artırmaq imkanı da mövcuddur. Ötən müddətdə TAP layihəsi çərçivəsində böyük hissəsi görülüb. AİB-in məlum qərarı TAP-la bağlı işlərin daha da sürətləndirilməsinə gətirib çıxaracaq. Bunun nəticəsində yaxın illərdə “Şahdəniz” qazının Avropa bazarına çıxarılması mümkün olacaq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər