18/07/2018 14:35
728 x 90

Aqrar sektorda sürətli inkişafı görən dünya institutları Azərbaycana kredit ayırmaqda daha təşəbbüskar olmağa başlayır...

“Dünya Bankı Azərbaycanda gedən inkişafı gördüyü üçün, ölkənin aqrar sektoruna kredit ayırmaqda maraqlıdır”

img

Rəsul Cahangirli: “Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu getdikcə artır”

 

Son illər beynəlxalq maliyyə qurumları Azərbaycanın aqrar sektoruna kredit ayırmaqda daha çox həvəs göstərirlər. Bununla bağlı müxtəlif proqramlar nəzərdən keçirilir, təkliflər irəli sürülür.

Dünya Bankının Bakı Nümayəndəliyindən verilən məlumata görə, “Azərbaycan kənd investisiyaları” (AzRIP-3) layihə konsepsiyasının üçüncü mərhələsi çərçivəsində kreditin məbləği müzakirə olunur. Bildirilir ki, bu məqsədlə 90 milyon dollar kreditin verilməsi nəzərdə tutulub. Layihənin hazırlanmasının başa çatması müzakirələrdən asılı olacaq.

2012-ci ildən Azərbaycanda AzRIP-in ikinci mərhələsi həyata keçirilir. Onun dəyəri 53,6 milyon dollardır. Əlavə maliyyələşdirmə çərçivəsində 2014-cü ildə 50 milyon dollar ayrılıb. Bu layihə çərçivəsində suvarma sisteminin təkmilləşdirilməsi və digər işlərin görülməsi nəzərdə tutulub.

Ümumən ötən il bütün sahələrdə əldə edilmiş nəticələr Azərbaycanın davamlı inkişafından xəbər verir. Xüsusən iqtisadi sahədə də böyük uğurlar qazanılıb. Ümumdaxili məhsul istehsalında artım olub. Qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib. Sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz artıb. O cümlədən, kənd təsərrüfatı 4,1 faiz artıb. Bu və digər nailiyyətlər barədə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İham Əliyev ətraflı bəhs edib. İclasda o da məlum olub ki, həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verir.

Bütün bu deyilənlərin fonunda, ötən il kənd təsərrüfatında 4,1 faiz artım olduğunu nəzərə alsaq, Dünya Bankının buna görə Azərbaycana aqrokredit ayırmaqda maraqlı olması arasında nə kimi əlaqə var?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, çox güman ki, bu faktorun rolu böyükdür: “Dünya Bankı Azərbaycanda gedən inkişafı gördüyü üçün, ölkənin aqrar sektoruna kredit ayırmaqda maraqlıdır. Belə olmasaydı, o zaman kredit ayırmaqda həvəsli olmazdılar. Şərtləri daha da çətinləşdirərdilər. DB hər ölkəyə kredit vermir. Kredit o ölkəyə verilir ki, gələcəkdə həmin krediti qaytarmaq mümkün olsun. Azərbaycandakı iqtisadi göstəricilərə baxdıqda görürük ki, ötən il kənd təsərrüfatında artım olub. Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu getdikcə artır. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, keçən il Prezident İlham Əliyevin pambıqçılığın, baramaçılığın, fındıqçılığın, tütünçülüyün, çayçılığın, çəltikçiliyin, sitrusçuluğun dirçəldilməsi və genişləndirilməsi ilə bağlı bölgələrdə keçirdiyi müşavirələr böyük əhəmiyyət kəsb edir. Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı qəbul edilən dövlət proqramlarında aqrar sektorun yeni inkişaf istiqamətləri göstərilib. Bütün bunların nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının həcmi getdikcə daha da artır. 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq yığılmışdısa, 2016-cı ildə həmin rəqəm 89 min ton olub. 2017-ci ildə isə 207 min ton pambıq toplanıb. Bu tendensiya baramaçılıqda da müşahidə edilir. 2015-ci ildə cəmi 200 kiloqram məhsul tədarük edə bilən baramaçılar 2016-cı ildə bunu 70 tona çatdırıblar. 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Kənd təsərrüfatını inkişaf etdirmək bir çox səbəblərdən önəmlidir. Bu həm ərzaq təhlükəsizliyi yaratmaq, həm ixrac potensialını artırmaq, həm də kənd əhalisinin məşğulluğunu təmin etmək deməkdir. Bu baxımdan beynəlxalq maliyyə qurumları Azərbaycanaın aqrar sektoruna kredit ayırmaqda maraqlıdırlar. Hesab edirəm ki, sözügedən məsələnin kökündə əsasən bu amil dayanır”.

Vidadi ORDAHALLI  

Son xəbərlər